Oktyabrın 20-si Bakının mərkəzində qadın hüquqları fəalları məişət zorakılığına etiraz olaraq "Dözmə yürüş et" adlı yürüş ediblər. Yürüş şəhərin mərkəzində Natəvan heykəlinin yanından başlanıb.
Yürüşdə fəallar "Qadına şiddətə yox!", "Elinaya susma!", "Erkən nikahlara yox!", "Ailə məsələsi deyil", "Qadın qətlləri siyasidir", "Konvensiyanı rədd etmə, qadınları qətl etmə!" şüarları səsləndirilib.
Yürüş zamanı bir neçə iştirakçı polis və mülki geyimlilər tərəfindən saxlanılaraq ərazidən uzaqlaşdırılıb. Polis sonradan onların buraxıldığını deyib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev mətbuata deyib ki, yürüş zamanı saxlananlar olmayıb, saxlanılanlar az sonra buraxıb.
[caption id="attachment_82975" align="aligncenter" width="1000"] 20 oktyabrda qadın zorakılığına qarşı, "Dözmə, yürüş et" yürüşündən.[/caption]Polis aksiyaçılara öz bəyanatlarını oxumağa imkan verdikdən sonra fəalların tutduqları şüarları alaraq cırıb. Bəyanatda deyilir:
"Biz, “Dözmə! Yürüş et!” yürüşünün iştirakçıları Azərbaycanda mütəmadi şəkildə baş verən, son dövrlərdə daha da intensiv hal alan qadın qətllərinə, qadınlara qarşı məişət zorakılıqlarına, psixoloji və fiziki zorakılıqlara, təzyiqlərə qarşı etiraz edirik.
Biz təhsildən məhrum edilən, zorla evləndirilən, əməyi istismar olunan, intihara sürüklənən qadınların və gənc qızların haqları uğrunda hərəkətə keçirik.
Biz bəyan edirik ki, qadınları ikinci dərəcəli varlıq olaraq görən, onların bərabərsizliyini və istismarını bəsləyən patriarxal dəyərlər qadınların hüquqlarını qorumalı olan hüquq-mühafizə sistemində və digər dövlət strukturlarında da hakimdir. Bəyan edirik ki, Azərbaycanda mövcud olan hazırki qanunvericilik qadınların müdafiəsi üçün yetərli qabaqlayıcı tədbirləri əhatə etmir və təkmilləşdirilməlidir.
Biz tələb edirik ki, qadınların zorakılıqdan müdafiəsi sahəsində sistemli və effektiv siyasət aparılsın, zorakılıqların bütün növləri ilə mübarizə üçün dövlət tərəfindən lazımi resurslar səfərbər edilsin.
Tələb edirik ki, İstanbul Konvensiyası kimi tanınan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası” Azərbaycan tərəfindən imzalansın və ratifikasiya edilsin".