Baş Prokurorluğunun mətbuat xidməti oktyabrın 19-u keçirilən mitinqdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin polis tərəfindən işgəncələrə məruz qalması ilə bağlı açıqlamalarını yalanlayan məlumat yayıb.
Qurum qeyd edib ki, Əli Kərimlinin oktyabrın 19-da polis əməkdaşlarının ona xəsarət yetirməsi barədə paylaşdığı məlumatlar və ictimai qaydanın pozulmasının qarşısı alınarkən hakimiyyət nümayəndələrinə müqavimətə dair xüsusatlar şəhər prokurorluğunda araşdırılıb.
"…Əli Kərimli yaşadığı evdən çıxaraq razılaşdırılmamış mitinqin keçirildiyi əraziyə doğru irəliləyib açıq çağırışlar etdiyindən onun ictimai qaydanı qəsdən pozmaq cəhdinin, insanlar arasında yarana biləcək qarşıdurmanın,… qarşısını almaq və inzibati məsuliyyətə cəlb etmək məqsədi ilə ərazidə xidmət edən polis əməkdaşları onu xidməti avtobusa mindiriblər.
Həmin vaxt Əli Kərimli polis əməkdaşlarının… ünvanına nalayiq söyüşlər işlətmiş, iki polis əməkdaşına müqavimət göstərərək onlara xəsarətlər yetirmiş,… polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provokasiyaya cəhd edərək baş nahiyəsini avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurmuş, nəticədə alın nahiyəsindən xəsarət almışdır", - açıqlamada yazılıb.
Vurğulandığına görə, bundan sonra Xətai rayon Polis İdarəsinə gətirilən Ə.Kərimliyə dərhal ilkin tibbi yardım göstərilib, məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib:
"Baş nahiyəsində olan xəsarətin xarakterinə və lokalizasiyasına görə polis əməkdaşlarına müqavimət göstərərkən özü tərəfindən avtobusun dəmir barmaqlıqlı qapısına vurması nəticəsində törənməsi ekspertiza rəyində öz əksini tapmışdır. Daha sonra Əli Kərimli DİN-in hospitalında müayinədən keçirilmiş və nəticədə heç bir patoloji hal aşkar edilmədiyindən ona xəbərdarlıq elan edilərək evinə buraxılmışdır".
"Əli Kərimli özünə xəsarət yetirsəydi, hakimiyyət görüntüləri yayardı"
Prokurorluğun bəyanatı ilə bağlı Abzas-a açıqlama verən Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli deyib ki, Əli Kərimlinin evdən çıxma anı və mitinqin təyin olunduğu yerə doğru hərəkəti mətbuat nümayəndələri tərəfindən anba an kameralarla çəkilib.
"Kadrlardan görünür ki, aksiya zamanı zorakılıq edən, zor tətbiq edən polis əməkdaşlarıdır. Əli Kərimlinin hər hansı qanunsuz hərəkət etdiyi, zor tətbiq etdiyi isə videolardan da göründüyü kimi yalandır. Saxlanıldıqdan sonra polis maşınında və ya polis idarəsində belə Əli Kərimlinin zor tətbiq etməsi ağlabatan deyil. Əgər Əli Kərimli belə bir hərəkətə yol versəydi hakimiyyət yəqin ki, həmin anların görüntülərini yayardı".
Fərəc Kərimli bildirib ki, polis tərəfindən saxlanılan hamı yaxşı polis maşınlarında, polis idarələrində, demək olar hər yerdə kamera nəzarəti olduğunu yaxşı bilir.
"Prokurorluğun açıqlamasını əsassız və yalan hesab edirəm. Əgər əllərində elə bir fakt varsa ortaya qoysunlar. Hakimiyyət həmişəki kimi cəmiyyəti yenə də aldatmağa çağırır və artıq cəmiyyətdə bu yalanlara inanlar qalayıb".