Mitinqdə saxlanılan müxalifətçilərə 60 sutkaya qədər həbs, bir nəfərə isə cinayət işi açılıb [siyahı]

Mitinqdə saxlanılan müxalifətçilərə 60 sutkaya qədər həbs, bir nəfərə isə cinayət işi açılıb [siyahı]
20 Oktyabr 2019
Mətni dəyiş

Milli Şura 19 oktyabr aksiyasından əvvəl və aksiya günü saxlananlarla bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, mitinq ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) funksionerlərindən 10 nəfərinə inzibati həbs cəzası verilib.

Milli Şura qeyd edir ki, öncədən də fəallardan 3 nəfər inzibati həbsdə olub. Təşkilatın açıqlamasına görə, aksiya öncəsi rayonlarda da bir çox fəalar saxlanıb, aksiya başa çatdıqdan sonra sərbəst buraxılıblar.

“Oktyabrın 15-dən Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan AXCP Nizami şöbəsinin sədri Paşa Umudova Nərimanov rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.2 maddəsinə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə) əsasən cinayət işi açılıb və barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib”.

Mitinq günü 100-dən çox şəxsin saxlanıldığı deyilir

Bakı Şəhər Baş Polis İdarəsi aksiyada saxlanılanların sayı ilə cəmi 60 nəfərin saxlandığı barədə məlumat yaysa da, mətbuatda və sosial şəbəkələrdə yayılan materiallardan görünür ki, 100-dən çox şəxs saxlanılıb.

Əldə etdiyimiz məlumata görə, inzibati həbs verilənlərin bir hissəsinin siyahısı belədir: İlham Huseyn 60 sutka, Tofiq Yaqublu 30 sutka, Saqif Qurbanov 30 sutka, Abdulla Mahmudov 30 sutka, Əli İmanhanli 30 sutka, Rüfət Səfərov 30 sutka, Cabbar Savalanli 20 sutka, Murad Sultanov 15 sutka, Əlzamin Salayev 15 sutka, Elxan Əliyev 15 sutka, Nicat Nizamov 15 sutka, Seymur Həzi 15 sutka, Orxan Səlimzade 15 sutka, Tofiq Məmmədov 10 sutka, Şaiq Ələkbərov(Sabirabad) 5 sutka, Əlqulu Qəhrəmanov (Sabirabad) 5 sutka.

İnzibati həbs olunanlardan əlavə bir neçə nəfər də inzibati qaydada cərimələnib. Onların siyahısı isə belədir: Ayaz Qasımov 500 manat, Ramiz Cəfərov 500 manat, Nemət Abbasov 500 manat, Ayaz Məhərremli 200 manat.

AXCP üzvü Zəfər Əhmədov bildirir ki, polisin saxladığı bəzi müxalifətçilərlə bağlı məlumat əldə etmək mümkün deyil. Onun sözlərinə görə, Ayaz Məhərrəmli, Rəşad Qədirli, Cabbar Savalanlı, Mehti Nağıyev, Ceyhun Arif, Rəşid Turabov, Xəyyam Mirzəyev bilinmir hardadırlar.

Z.Əhmədov bildirir ki, keçmiş siyasi məhbus Rüfət Səfərov və Ramid Nağıyevin inzibati həbsdə olmasını bilsələr də hansı müddətə nə qədər həbs olunduqları ilə bağlı məlum deyil.

Saxlanılanlarla bağlı Müsavat Partiyası da açıqlama yayıb

Müsavat Partiyasının mətbuat xidməti də mitinq vaxtı saxlanılan və intibati qaydada həbs edilən üzvlərinin siyahısını yayıb.

Məlumatda deyilir ki, partiyanın Kürdəmir rayon təşkilarının üzvü Baha Mikayılov 15 sutka, Biləsuvar rayon təşkilatının üzvü Qoşqar Nuralıyev 10 sutka, Binəqədi rayon təşkilatının üzvü Tofiq Yaqublu isə 30 sutka həbs olunublar.

Açıqlamada bildirilir ki, həbs olunanlardan 30 nəfər fəal üzvü mitinq ərəfəsində və mitinqdən sonra polis tərəfindən saxlanılıb, sonradan sərbəst buraxılıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun