Məsələ ictimailəşəndən sonra İlkin Rüstəmzadə universitetə bərpa olunub

Məsələ ictimailəşəndən sonra İlkin Rüstəmzadə universitetə bərpa olunub
26 Oktyabr 2019
Mətni dəyiş

Nidaçı keçmiş siyasi məhbus İlkin Rüstəmzadənin həbsdən əvvəl təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetinə bərpa olunmaqla bağlı probleminin həll olunduğu bildirilib. 

Bu barədə Abzas-a İlkin Rüstəmzadənin özü məlumat verib. Onun sözlərinə görə, məsələ ictimailəşdikdən sonra universitet rəhbərliyinin onu zəng edib yenidən universitetə çağırıb və universitetə bərpa edilməklə bağlı problemini həll etdiklərini bildirib.

"Bu gün universitetə çağırdılar. Bildirdilər ki, Təhsil Nazirliyinin məktubu ilə bağlı məsələdə anlaşılmazlıq olub. Şəxsiyyət vəsiqəmi alıb yarım saat ərzində bütün texniki prosedurları həll edib universitetə bərpa olunmağımla bağlı əmr imzaladılar. Artıq yenidən İqtisad Universitetinin tələbəsiyəm".

İctimai fəal bildirib ki, onun problemi həll edilsə də, digər ictimai fəallar Qiyas İbrahimov və Bayram Məmmədovla bağlı məsələ qalmaqdadır.

***

NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü, keçmiş siyasi məhbus İlkin Rüstəmzadə Təhsil Nazirliyinin onu universitetə bərpa etməkdən imtina etdiyini bildirib.

“Dünən (25 oktyabr) universitetdə rəhbərlik tərəfindən qəbul olundum. Mənə öz günahsızlıqlarını nümayiş etdirmək üçün təhsil nazirliyinin göndərdiyi məktubu göstərdilər. Yaşlı-başlı universitet əməkdaşları and-aman edirdilər ki, bu indiyədək formal prosedur idi, indiyədək rektorun prinsip razılığı verdiyi heç bir tələbəyə nazirlik yox verməyib. Mənə, əlbəttə aydındır ki, burada sifariş haradan və niyə gəlib”

Bu sözləri Abzas-a açıqlamasında NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü İlkin Rüstəmzadə deyib.

İlkin Rüstəmzadə bildirir ki, onun universitetə bərpa olunmasına süni əngəllər yaradılır.

İlkin Rüstəmzadə digər 7 NİDA-çı fəalla birgə 2014-cü il mayın 6-da saxlnılıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 8 il azadlıqdna məhrum edilib.

O Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunub. İlkin bu ilin martında İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb.

Onun sözlərinə görə, o həbs olunan zaman İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi idi, menecment fakültəsində təhsil alıb. Həbsdən sonra yenidən universitetə bərpa olunmaq üçün müraciət edən İlkin əngəllərlə qarşılaşıb.

“Avqust ayında universitetə getdim. Dedilər, bərpa edirik, amma sən əyaniyə gəlmə, tələbələrlə kontakt və onlar üçün yarana biləcək digər problemləri nəzərə aldım, dedim yaxşı. Dedilər, bu-gün sabah qəbul olunursan. Rektor səviyyəsində razılıq verildi”, - deyə Rüstəmzadə qeyd edib.

Onun sözlərinə görə, oktyabrın 25-də universitetdə rəhbərlik tərəfindən qəbul olunub. Ona öz günahsızlıqlarını nümayiş etdirmək üçün təhsil nazirliyinin göndərdiyi məktubu göstəriblər.

İlkin Rüstəmzadə deyir ki, ona sifarişin hardan gəldiyi aydındır. Universitet rəhbərlik tərəfindən qəbul olunanda ona öz günahsızlıqlarını nümayiş etdirmək üçün təhsil nazirliyinin göndərdiyi məktubu göstəriblər.

"Universitet əməkdaşları and-aman edirdilər ki, bu indiyədək formal prosedur idi, indiyədək rektorun prinsip razılığı verdiyi heç bir tələbəyə nazirlik yox verməyib. Mənə, əlbəttə aydındır ki, burada sifariş haradan və niyə gəlib".

İctimai fəal deyir ki, əgər İlham Əliyev və onun komandası onun təhsil almağını istəmirsə, onda o öz enerjisi və vaxtını onların hakimiyyətinin təftişinə yönəltməyini arzulayırlarsa, bu istiqamətdə onların bu arzusunu geri çevirməyəcək.

"İndiyədək buradakı təhsilimi davam etdirmək şanslarımı baltalamamaq üçün çox məsələdə ehtiyatlı davranırdım. İndi məni tormozlayacaq heç nə yoxdur. Əgər Əliyev məni universitet auditoriyasında görməmək üçün bu qədər əziyyət çəkirsə, meydanlarda görüşərik".

İ.Rüstəmzadə bildirib ki, alnının təri, gözünün nuru ilə qazandığı təhsil hüququnu heç kimə güzəştə getmək fikri yoxdur.

"Ehtiyac olsa Təhsil Nazirliyi qarşısında aksiya edəcəm, lazım gələcək nazirliyin binasının qarşısında çadır qurub aclığa başlayacağam, Avropa İnsan Haqları Məhkəməsinədək gedəcəyəm, amma bu məsələdə geriyə addım atmayacağam. Və bütöv bir dövlət qurumunun törətdiyi bu rəzilliyi bütün ölkəyə ifşa edəcəyəm”, - deyə İlkin Rüstəmzadə qeyd edib.

“İlkin Rüstəmzadə bu məsələdə tam haqlıdır”

Bu fikri isə təhsil eksperti Nabatəli Qulamoğlu bildirib. Onun sözlərinə görə, İlkin Rüstəmzadə ödənişsiz əsaslarla oxuyub və qanunla dövlət onun təhsil haqqını ödəyirdi. Universitetə bərpa olunmaqla yanaşı, həm də təhsil xərclərini dövlət ödəməlidir.

“İlkin Rüstəmzadə ödənişsiz əsaslarla oxuyub və qanunla dövlət onun təhsil haqqını ödəyirdi. Universitetə bərpa olunmaqla yanaşı, həm də təhsil xərclərini dövlət ödəməlidir. Azərbaycan Respublikasında hər kəsin konstitusiya ilə təsbit olunan təhsil haqqı var və kiminə təhsil almasına əngəllər yaratmaq qanunsuzluqdur.

Əvvəllər də belə şeylər olub. Ona görə də, İlkin məhkəməyə müraciət etməlidir və əminəm ki, birinci intansiya məhkəməsində qalib gələcək. Yox əgər məhkəmə haqlı qərar çıxarmasa, digər instansiya məhkəmələrindən keçib, Avropa məhkəməsinə müraciət etməlidir. İlkin Rüstəmzadə bu məsələdə tam haqlıdır”, - deyə təhsil eksperti Nabatəli Qulamoğlu bildirib.

Məsələ ilə bağlı hələlik Təhsil Nazirliyindən şərh almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun