Həbsdə olan jurnalist, xeberman.com saytının redaktoru Polad Aslanovun oktyabrın 9-da ailəsinə zəng vurub.
Bu barədə Abzas-a jurnalistin xanımı Gülmirə Aslanova məlumat verib. Onun sözlərinə görə, P.Aslanov oktyabrın 5-dən aclıq aksiyasına başlayıb.
Gülmirə Aslanova bildirib ki, həyat yoldaşı aclıq aksiyasının səbəbləri kimi qeyri-qanuni həbs olunmağını, istintaqın obyektiv aparılmamasını və heç bir əsas olmadan həbs müddətinin əlavə olaraq 4 ay uzadılmasını göstərib.
Redaktorun aclıq aksiyasına başlaması ilə bağlı hələlik Penitensiar Xidmətin mövqeyini öyrənmək mümkün olmayıb.
Üstəlik, istintaqdan narazılığa da Dövlət Təhlükəsizlik Xidməti (DTX) və başqa rəsmi qurumlardan münasibət öyrənmək cəhdləri nəticə verməyib.
Polad Aslanov bu il iyunun 12-də saxlanıb, 14-də isə Sәbail Rayon Mәhkәmәsinin qərarı ilə barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs qәtimkan tәdbiri seçilib.O, cinayət məcəlləsinin (CM) 274-cü maddәsi ilә (dövlәtә xәyanәt) ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunub ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
O isə ittihamı qəbul etmir.
Ötən həftə, oktyabrın 5-də Səbail Rayon Məhkəməsində Polad Aslanovun həbs müddətinin uzadılması ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətin (DTX) müraciətinə baxılıb. Müraciət təmin edilib.
Xatırlatma
Polad Aslanov 2018-ci il aprelin 19-da 29 yaşında hərbi xidmətə aparılmışdı.
O zaman ailəsi bildirirdi ki, o səhhətindəki problemlərlə əlaqədar bundan əvvəl hərbi xidmətə aparılmayıb, ona “sülh şəraitində hərbi xidmətə yararsız” olması barədə hərbi bilet verilib. Həyat yoldaşı iddia edirdi ki, onu peşə fəaliyyətinə görə, cəzalandırmaqdan ötrü bu addımı atıblar:
“Yoxsa ürəyində damar tıxanmasından, təzyiqdən əziyyət çəkən adamı qəfildən komissarlığa çağırıb, Naxçıvana göndərməyə nə ad vermək olar?”
Amma həmin vaxt ailəsinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.
Polad Aslanov birillik hərbi xidmətini bu ilin aprelində başa vurub, iki ay sonra həbs edilib.