25 Oktyabr 2019
Mətni dəyiş
Ötən günlərdə saxlanılan tanınmış İran azərbaycanlısı fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi müvəqqəti azadlığa buraxılıb.
M.Fəqihi 3 gün saxlandıqdan sonra oktyabrın 23-də 500 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
İranda Məhbusların Hüquqlarının Müdafiəsi Assosiyasının idarə heyətinin üzvü və hüquqi komitəsinin katibi olan Məhəmmədrza Fəqihi oktyabrın 20-də saxlanmışdır. O Ərdəbil prokurorunun müavini hakim Nonəhalın çağırışı əsasında prokurorluğa müraciət etdikdən sonra təcridxanaya aparılmışdır.
Vəkilə “Ərdəbil həbsxanasında məhbus həyatı yaşayan Abbas Lisaniyə cinayət işinin məzmununu açıqlarkən məhkəmənin gizli sənədlərini ifşa etmək” ittihamı üzrə saxlandığı bildirilib.
M.Fəqihi saxlandığı gün səhər saatlarında Ərdəbil həbsxanasında Abbas Lisani ilə görüşüb. O fəalın barəsində çıxarılan ağır həbs qərarı ilə bağlı Ali Məhkəməyə şikayət etməyə hazırlaşdığı bir vaxtda saxlanmışdır.
Tehran sakini olan ərdəbilli vəkil bundan əvvəl də məhkəmə orqanları tərəfindən saxlanma ilə təhdid edilib. Ona xəbərdarlıq edilmişdir ki, Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbs cəzasına məhkum edilən fəalın hüquqlarını müdafiə etməkdən imtina etməyəcəyi təqdirdə ona qarşı lazımi tədbirlər alınacaq.
Ərdəbil həbsxanasında həbsdə olan tanınmış İran azərbaycanlısı fəal Abbas Lisaninin həbs cəzası Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən təxminən iki dəfə artırılaraq 15 ilə qaldırılıb. Fəal bundan əlavə 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.