Britaniya məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevanı Azərbaycana ekstradisiya etməkdən imtina edib.
Azadlıq Radiosunun məlumatına görə, London məhkəməsi Z.Hacıyevanı Azərbaycan hakimiyyətinə təhvil verməkdən imtina edib. Azərbaycan hakimiyyəti onun ekstradisiyasına israr edir, çünki hüquq- mühafizə orqanları Z.Hacıyevanı və onun həyat yoldaşını külli miqdarda pul mənimsəməkdə ittiham edirlər.
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin barəsində hökm 2016-cı ilin oktyabrında çıxarılıb. O, bankın 211 milyon manatdan çox vəsaitini (həmin dövrün məzənnəsi ilə 138 milyon ABŞ dollarına yaxın) mənimsəməkdə təqsirli bilinib və 15 il azadlıqdan məhrum edilib. Daha üç müttəhim real cəza alıb, dörd nəfər şərti mühakimə edilib. Sentyabrın 5-də Bakı məhkəməsi Cahangir Hacıyevi yeni iş üzrə təqsirli bilərək cəzasını 16,5 ilədək artırıb.
Məhkəmə Azərbaycanda Z.Hacıyevaya qarşı qaldırılmış işin "siyasi motivli" olması barədə onun vəkillərinin iddialarını qəbul etməyib və bildirib ki, 2010-cu ildən Londonda yaşayan Z.Hacıyeva pulların yuyulması və mənimsənilməsi sxemində iştirak edə bilərdi.
Hakim Emma Arbatnot Azərbaycan məhkəmələrinin müstəqilliyinə şübhə etdiyini bildirib və ekstradisiyadan imtinanı onunla əsaslandırıb ki, Azərbaycanda Z.Hacıyevanın ədalət mühakiməsinə çıxarılması hüququ pozula bilər.
Z.Hacıyeva Londonun ən bahalı univermağında külli miqdarda pul xərcləməklə və bahalı əmlak almaqla Britaniya müstəntiqlərinin diqqətini çəkib. London Magistr Məhkəməsi 2018-ci il noyabrın 6-da Z.Hacıyevanın həbsinə qərar verib. Sonradan Britaniya məhkəməsi yarım milyon funt sterlinq girov müqabilində onun azadlıqda olmasına icazə verib.
Z. Hacıyeva ilk əcnəbidir ki, Böyük Britaniya Cinayətkarlıqla Mübarizə Milli Agentliyi onun barəsində "Mənşəyi məlum olmayan sərvət üçün order" hüquqi mexanizmini tətbiq edib.
Britaniya hakimiyyəti Z.Hacıyevadan Londonda ümumi dəyəri 22 milyon funt sterlinq (28,8 milyon ABŞ dolları) olan daşınmaz əmlakı, həmçinin 400 min funt sterlinqdən çox bahalı zərgərlik məmulatını hansı vəsaitlə almasını açıqlamağı tələb edir.
Agentliyin məlumatına görə, Z.Hacıyevanın orderin tətbiqilə bağlı apellyasiyasına dekabrda baxılacaq. Azərbaycan hökumətini təmsil edən vəkil bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.