‘Günə gün yatmışam, nə İlham Əliyevdən, nə də məhkəmələrindən xahişim olub...’

‘Günə gün yatmışam, nə İlham Əliyevdən, nə də məhkəmələrindən xahişim olub...’
29 Oktyabr 2019
Mətni dəyiş

Oktyabrın 28-də Bakı Apellyasiya Məhkəməsi AXCP sədrinin müavini Seymur Həzinin şikayətinə baxıb.

Bu barədə Seymur Həzinin həyat yoldaşı Nigar Həzi məlumat yayıb. Onun sözlərinə görə, şikayət təmin olunmayıb, apellyasiya instansiyası Xətai Rayon Məhkəməsinin Seymur Həziyə inzibati həbs cəzasının verilməsi barədə qərarını qüvvədə saxlayıb.

Seymur Həzi bildirib ki, Əhmədlidə binanın həyətində dayandığı vaxt üç nəfər mülki geyimli onu tutub aparıb. Ardınca da Xətai rayonu, 34-cü polis bölməsində onun haqqında protokol tərtib ediblər. Orada yazılıb ki, Seymur Həzi telefonla yüksək səslə danışıb, nalayiq ifadələr deyirmiş, onu intizama dəvət edən polislərə də müqavimət göstərib. Bölmədə təxminən 4 saat saxlayandan sonra onu Xətai Rayon Məhkəməsinə aparıblar.

S.Həzi haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddələrilə 15 gün inzibati həbs qərarı çıxarılıb. Həmin qərardan verilən şikayətə oktyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində baxılıb.

“Bu dəfə məni xırda xuliqanlıqda ittiham edirlər. 2014-cü ildə isə məni böyük xuliqanlıqda ittiham edən İlham Əliyevin məhkəmələrinin əli ilə 5 il həbs cəzası almışam. Günə gün yatmışam. Amma nə İlham Əliyevdən, nə də məhkəmələrindən xahişim olub. Sizdən də xahişim yoxdur. Sadəcə, məhkəmələri belə aciz görmək istəməzdim”, – Seymur Həzi məhkəmədə belə deyib.

“Necə oldu, bütün xuliqanlar ali təhsilli oldu?”

Azadlıq Radiosunun məlumatına görə, Seymur Həzi məhkəmədə bildirib ki, həbsinin səbəbi Milli Şuranın 19 oktyabrda keçirdiyi mitinq olub.

Onun sözlərinə görə, o, AXCP sədrinin müavini kimi, mitinqin əsas təşkilatçılarından biri idi:

“Mənim həbsimdən iki gün sonra Əli Kərimlinin başına 9 tikiş qoyuldu. Qarabağda sinəsini irəli vermiş Tofiq Yaqublunun kürəyinə Nəsimi Rayon Polis İdarəsində çıxıb tapdaladılar. Necə oldu, bütün xuliqanlar ali təhsilli oldu?”

Seymur Həzi deyir ki, o, ümumiyyətlə, həmin vaxt telefonla danışmayıb.

Vəkili Şəhla Hümbətova da bildirib ki, mobil operatorlara sorğu göndərib cavab alıblar. Cavablardan görünür ki, saxlandığı vaxt Seymur heç kimlə telefonla danışmayıb.

Şəhla Hümbətova hakimdən də xahiş edib ki, bir daha mobil operatorlara sorğu göndərib, özləri də əmin olsunlar:

“Həmin ərazidəki müşahidə kameralarının görüntülərini də alıb baxsanız, polislərin yalan danışdığını görərsiniz. Təəssüf ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmayıb. Heç olmasa, siz araşdırın”.

Vəkil Seymur Həzinin Avropa Konvensiyasının 5 (azadlıq hüququ), 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (toplaşma hüququ) maddələrilə təminat verilən hüquqlarının pozulduğunu da deyib:

“Ona ailəsilə əlaqə saxlamağa imkan verilməyib. İstədiyi vəkillə təmin olunmayıb. Sənədlərin surəti ona təqdim olunmayıb, protokolla tanış olmasına imkan verilməyib”.

Təxminən 1 dəqiqəlik müşavirədən sonra hakim İlqar Murquzov şikayətin təmin olunmadığını, Xətai Rayon Məhkəməsinin 17 oktyabrda çıxardığı 15 sutkalıq həbs qərarını qüvvədə saxlayıb.

Seymur Həzinin həyat yoldaşı Nigar Həzi AzadlıqRadiosuna bildirib ki, qərardan Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Xatırlatma

Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi icazəsiz aksiyadan iki gün əvvəl saxlanılan Seymur Həzi 15 sutka inzibati həbs cəzası alıb.

Xətai Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib.

Seymur Həzi küçədə mobil telefonla yüksək səslə danışa-danışa ünvansız söyüş söyməklə günahlandırılıb.

Müdafiəçiləri bu ittihamın tamamilə qondarma olduğunu, həbsin siyasi xarakter daşıdığını bildirirlər. Həmçinin oktyabrın 19-da Nigar Həzinin atası Tofiq Yaqublu və qardaşı Rəhim Yaqublu saxlanılıb.

Yaxınları tərəfindən hər ikisinin döyüldüyü və pis rəftara məruz qaldığı bildirilib.

Rəhim Yaqublu azadlığa buraxılsa da, Tofiq Yaqublu 30 sutka inzibati həbs olunub.

Nigar Həzi oktyabrın 29-u saat 15:00-da Tofiq Yaqublunun apelyasiya şikayətinə baxılacağını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun