Ömər Nəsibov Qarabağ müharibəsi dövründə Jurnalistika fakültəsinə yenicə daxil olmuş gənc imiş. O, məhşur reportyor-operator Seyidağa Mövsümlünün çəkdiyi Xocalı soyqırımı kadrlarını görəndən sonra universiteti yarıda qoyaraq müharibəyə getməyə qərara gəlib.
Qarabağ qazisinin sözlərinə görə, o, birinci dəfə Cəbrayıl rayonunda rabitə bölüyündə olub və 30-a yaxın döyüşdə iştirak edib. İkinci dəfə isə Füzuli rayonunda vuruşub. Füzuli rayonunun Aşağı Veysəlli kəndinə hücum zamanı Nəsibov başından ağır yaralanıb və ermənilərə əsir düşüb.
Nəsibovun sözlərinə görə, o altı aylıq əsirliyinin 4 ayını Şuşa həbsxanasında keçirib və orda ermənilər tərəfindən olmazın işgənclər, zülmlərlə üzləşib.
O dövlət xətti ilə əsirlikdən qaytarılandan sonra Sərhədd Qoşunlarının hərbi hospitalında müalicə olunsa da hospitaldan çıxanda ona xəstəlik tarixçəsi haqqında sənəd - epikriz verilməyib. Beləliklə Ömər Nəsibov qarabağ əlili adı ala bilməyib, sadəcə qarabağ qazisi adı ilə ayda 80 manat yardım alır.
Dolanışıq çətinliklərindən danışan Nəsibov deyir ki: "Məni erməni sındıra bilmədi, amma kasıbçılıq sındırdı. İndi kasıbçılıqla müharibəyə çıxmışam".
Qarabağ qazisi indi kitab satışı ilə məşğuldur və övladlarına, xəstə həyat yoldaşına ordan gələn gəlirlər baxır.