18 Oktyabr 2019
Mətni dəyiş
Oktyabrın 18-də Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə intihar etmiş məktəbli Elina Hacıyevanın cinayət işi ilə bağlı məhkəmə iclası keçirilib. Prosesdə dövlət ittihamçısı, Elina Hacıyevanın hüquqi varisi olan anası Sevil Hüseynova və vəkilləri Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayev, TN-nin nümayəndəsi vəkil Elmar Kərimov, sabiq məktəb direktoru Sevinc Abbasova və vəkili Sadiq Bağırov, media və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Məhkəmə müdafiə vəkillərinin çıxışı ilə davam edib. Vəkil Sevinc Əliyeva çıxışında ittiham tərəfin ötən məhkəmə prosesi zamanı etdiyi çıxışında işə laqeyd münasibət göstərdiyini qeyd edib: "Baş verən hadisədən sonra 85 dəqiqə ərzində Elinaya" təcili yardım" çağırılmayıb. Direktor affekt vəziyyətdə olduğunu deyir. Necə affekt vəziyyətdə olub ki sadə rəqəmli "103" ü yığa bilməyib, amma səlahiyyətcə özündən yuxarı məmurların mobil nömrələrinə zəng edib, hadisə barədə məlumat verə bilir? Bu hal direktorun məsuliyyət hissindən bixəbər olduğunun göstəricisidir, unutmamalıdır ki, o məktəbin hər bir uşağına görə məsuliyyət daşıyır. 40-a yaxın şahid dindirildi. Onların hamısı Elinanın üçüncü mərtəbədən yıxıldığını söylədiyi halda direktor 2-ci mərtəbədən yıxıldığını deyir. Bu əməlin nəticəsindən kimsə kənarda qalmasın".
Təhsil Nazirliyinin nümayəndəsi də öz çıxışında mülki iddianın təmin olunmamağını məhkəmədən xahiş edib.
Hakim növbəti prosesin təqsirlədirilən tərəfin çıxışı ilə davam edəcəyini deyərək məhkəməni 24 oktyabr saat 11:00-a təyin edib.
Qeyd edək ki, məhkəmənin hazırlıq iclasında istintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) artıq xitam verildiyi məlum olsa da, müdafiə vəkilləri bu barədə açıqlama verməyib. Zərərçəkmiş tərəfin vəkilləri Emin İsayev və Sevinc Əliyeva istintaqın Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə davam etdirildiyini və yekunlaşdıqdan sonra məhkəməyə göndərildiyini bildiriblər.
Xatırladaq ki, 4 aprel 2019-cu il tarixdə 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü sözügedən məktəbin üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib. Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə 162 nömrəli tam orta məktəbin direktoru S. Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. 11 iyul 2019-cu il tarixdə Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin edilib, 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın barəsində olan ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb. İyulun 19-da Bakı Apellyasiya Məhkəməsi Elina Hacıyevanın valideynlərinin nümayəndələrinin Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətini təmin etməyib.