Oktyabrın 11-də Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə intihar etmiş məktəbli Elina Hacıyevanın cinayət işi ilə bağlı məhkəmə iclası keçirilib.
Abzas xəbər verir ki, prosesdə dövlət ittihamçısı, Elina Hacıyevanın hüquqi varisi olan anası Sevil Hüseynova və vəkilləri Sevinc Əliyeva, Azər Nağıyev, TN-nin nümayəndəsi vəkil Elmar Kərimov, sabiq məktəb direktoru Sevinc Abbasova və vəkili Sadiq Bağırov, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hakim A.Tağıyev zərərçəkən tərəfin qaldırdığı mülki iddiaya hansısa bir əlavənin olub olmamasını soruşub. Zərərçəkən tərəf əlavə olmadığını və iddianı müdafiə etdiklərini bildiriblər.
Müdafiə tərəfi TN-nin, direktorun vəzifələrini yerinə yetirib yetirməməsi ilə bağlı məsuliyyət daşıdığını məhkəməyə bildiriblər.
TN-nin nümayəndəsi isə bildirib ki, əgər direktor mərhumu otağında saxlayıb təcili yardımı gec çağırıbsa, burada nazirlik heç bir məsuliyyət daşımır.
Daha sonra müdafiə tərəfinin vəkilləri məhkəməyə bir neçə vəsatət təqdim ediblər. İlk olaraq, sabiq direktorun barəsində olan qətimkan tədbirinin dəyişdirilməsini xahiş ediblər. Vəkillər bunu direktorun məhkəmənin gedişatına mane olması ilə əsaslandırıblar.
İkinci vəsatət məktəbin psixoloqu Könül Ağayevanın məhkəməyə dəvət edilərək dindirilməsini istəyiblər.
Vəkillər digər vəsatətlərində sabiq direktorun evinə çağırdığı jurnalist Nurlan Qəhrəmanovun məhkəməyə çağırılmasını xahiş ediblər. Sonuncu vəsatət isə iş üzrə Səhiyyə Nazirliyindən verilən ekspertiza rəyində olan uyğunsuzluqlar səbəbindən ekspertin məhkəməyə çağırılması ilə bağlı olub.
Sevinc Abbasovanın vəkili Sadiq Bağırov vəsatət verərək Elinaya mesaj yazaraq onu təhdid və şantaj etdiyi deyilən Vüqar Qurbanov, eləcə də Elinanın çantasını alaraq onunla gəlməyəcəyi təqdirdə ailəsinə xəbər verəcəyini deyən Nicat Məmmədovun məhkəməyə çağırılmasını istəyib.
Qısa sürən müşavirədən sonra hakim A.Tağıyev vəsatətlərin təmin edilmədiyini bildirib.
Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdığını, çıxışlara söz verildiyini deyib. Tərəflər çıxış üçün məhkəmədən vaxt istəyiblər.
Hakim A.Tağıyev növbəti məhkəmənin 16 oktyabr saat 11:30-da davam etdiriləcəyini elan edib.
Qeyd edək ki, məhkəmənin hazırlıq iclasında istintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) artıq xitam verildiyi məlum olsa da, müdafiə vəkilləri bu barədə açıqlama verməyib.
Zərərçəkmiş tərəfin vəkilləri Emin İsayev və Sevinc Əliyeva istintaqın Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə davam etdirildiyini və yekunlaşdıqdan sonra məhkəməyə göndərildiyini bildiriblər.
4 aprel 2019-cu il tarixdə 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü sözügedən məktəbin üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib.
Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə 162 nömrəli tam orta məktəbin direktoru S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
11 iyul 2019-cu il tarixdə Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin edilib, 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın barəsində olan ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
İyulun 19-da Bakı Apellyasiya Məhkəməsi Elina Hacıyevanın valideynlərinin nümayəndələrinin Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətini təmin etməyib.