Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Rusiyanın keçmiş baş naziri olmuş Yevgeni Primakovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılıb. Sərginin Bakıda açılması ölkədə tənqidlərlə qarşılanıb.
Yevgeni Primakov keçmiş Sovet İttifaqının və Rusiya Federasiyasının tanınmış siyasətçilərindəndir. Onun sərgisində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin arxivindən sənədlər və fotoşəkillər təqdim olunub.
Yevgeni Primakov 86 yaşında vəfat edib. Primakov Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), xarici işlər naziri (1996-1998) və baş nazir (1998-2000) işləyib.
O, 1990-cı ilin yanvarında Sovet Ordusunun Bakıda çoxsaylı insanı qətlə yetirdiyi zaman Kremlin Azərbaycanda nümayəndəsi olub.
Turan-ın xəbərinə görə, Primakovun Bakıda sərgisinin açılması sosial şəbəkədə geniş müzakirələrə yol açıb. Bir sıra ictimai siyasi xadim, politoloq, vətəndaş cəmiyyətinin nümayəndəsi sərginin Bakıda açılmasını kəskin tənqid edib.
Etibar Məmmədov: Sərgini keçirənlər anti-Azərbaycan qüvvələridir
Azərbaycan Xalq Hərəkatının liderlərindən Etibar Məmmədov Amerikanın Səsinə şərhində Bakıda Yevgeni Primakovun xatirəsinə həsr olunmuş sərginin açılmasını "çox pis" qarşıladığını bildirib.
“Primakovun xatirəsinə sərgi keçirmək Milli Azadlıq Hərəkatında olan şəhidlərimizin, qazilərimizin, ümumilikdə bütün millətin xatirəsinə təhqir deməkdir. Bunu kim keçirirsə, bunlar anti-Azərbaycan qüvvələridir. Buna yol vermək olmaz. Mənim buna fikrim qəti olaraq mənfidir. Məqsəd vaxtilə Azərbaycanın düşmənləri olan Kirovu (Sergey Mironoviç Kirov - 1921-1926-cı illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi olub-red), Mikayanı (Anastas İvanoviç Mikoyan - anti-Azərbaycan mövqeyi ilə tanınan keçmiş SSRİ-nin siyasətçisi, Azərbaycan Kommunist Partiyasının Bakı şəhər Komitəsinin katibi olub -red), Şaumyanı (Stepan Georgiyeviç Şaumyan - 1918-1920-ci illərdə Bakı Kommunasının rəhbəri olub-red) Azərbaycanın dostu kimi qələmə vermək istəyənlərlə eynidir. Azərbaycanın düşmənlərini Azərbaycanın dostu kimi, xətri keçən bir insan kimi təqdim eləməkdir. Çünki 20 yanvar hadisəsinin 30 illiyi olacaq. Bu, olanların millətin yadından çıxartmaq cəhdidir,” Məmmədov qeyd edib.
İsa Qəmbər: Primakovun sərgisinin keçirilməsi Azərbaycan xalqına təhqirdir
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Xalq Hərəkatının liderlərindən İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində deyib ki, Primakov Azərbaycana qarşı "20 Yanvar" cinayətinin təşkilatçılarından biridir.
O hesab edir ki, Bakıda onun yubileyinin təşkili yolverilməzdir və Azərbaycan xalqına təhqirdir.
“Azərbaycan üçün 20 Yanvar bitməyib. Çünki Azərbaycanı gerçək müstəqil həyatı ilə yaşamağa imkan verməyən Rusiya imperializmi mövcudluğunu davam etdirir. Bu siyasəti davam etdirən Putin hakimiyyəti mövcudluğunu davam etdirir. Vəzifə naminə, hakimiyyət naminə Moskvanın hər bir tapşırığını həyata keçirməyə hazır olan şəxslər Azərbaycanda hakimiyyətdə əyləşiblər. Sabah onlara deyilsə, SSRİ-nin bərpasına da imza atarlar, rus ordusunun Azərbaycana gəlməsinə də imza atarlar. Yenə də şöhrət naminə populizmə hazır olan, vəzifə naminə, karyera yüksəlişi naminə hər cür avantürizmə hazır olan insanlar Azərbaycan siyasətində at oynatmaqda davam edirlər. 20 Yanvarı doğuran şərtlər bu gün bütün gücü ilə ortadadır. Buna görə də yeganə çıxış yolu ölkəmizdə xalqın hakimiyyətinin bərqərar edilməsidir. Azərbaycan xalqı iradəsini ortaya qoyaraq demokratik yolla hakimiyyətin dəyişməsinə nail olmalıdır,” o bildirib.
Tofiq Zülfüqarov: Primakov maraqlı bir şəxsiyyət idi
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə deyib ki, Yevgeni Primakov Azərbaycanın xeyrinə də bəzi addımlar atıb.
“Əslinə qalsa, çox maraqlı məsələdir. Çünki indiyədək 20 Yanvar hadisələri ilə əlaqədar Sovet qoşunlarının Bakıya daxil olması qərarını kimin qəbul etməsinə birmənalı cavab yoxdur. Sadəcə Primakovun adı çəkilir. Doğrusu mən inanmıram ki, onun bu cür səlahiyyətləri var idi ki, axırıncı qərarı o versin. Çünki bu cür qərarı dövlət başçısı verməli idi. Burada təkcə Primakovun qərarıdı deyə, bununla kifayətlənmək düzgün olmaz. Eyni zamanda bəzi məqamlarda mən şəxsən onun şahidi olmuşam ki, Primakov Azərbaycanın xeyrinə də bəzi addımlar atıb. Misal üçün, Lissabon Sammitinin qərarını götürsək (ATƏT-in Lissabon Sammiti 2-4 dekabr 1996-cı ildə keçrilib, bu sammitdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsi təsdiq edilib-red) təbii ki, Primakovun bu məsələdə birbaşa iştirakı olmasaydı bu qərar qəbul olunmazdı. Bunu mən sizə dəqiqliklə demək imkanındayam. Çünki həmin proseslərdə birbaşa iştirak edən adamam. Yəni bu baxımdan birmənalı demək ki, bu və ya digər adam Azərbaycanın düşmənidir, yoxsa düşməni deyil... 20 Yanvar o vaxtları Sovet İttifaqının rəhbərliyinin qərarı idi. Primakov bu rəhbərlərdən biri idi və ən yüksək rəhbər deyildi. Bu baxımdan təbii ki, müqayisəli məsələdir. Açığı deyim maraqlı bir şəxsiyyət idi. Bir şərqşünas kimi onun Sovetlərin vaxtında nüfuzu və sair, təbii ki, maraqlı olar. İndi sərgilər təkcə Azərbaycanın dostlarına yox, bəlkə də Azərbaycana dost münasibət bəsləməyən insanlar barəsində məlumat toplamaq üçün maraqlıdır. Buna onun təbliğatı kimi yanaşmaq yox, sadəcə olaraq alimlərin, tarixçilərin bu sərgidə marağı ola bilər,” keçmiş nazir bildirib.
Şahin Hacıyev: Primakovu Azərbaycanın dostu adlandırmaq olmaz
Turan İnformasiya agentliyinin redaktoru Şahin Hacıyev Amerikanın Səsinə şərhində bildirib ki, Primakov adına Bakıda sərgi keçirilməsi sual doğurur.
“Primakovun adı bağlıdır ilk növbədə 20 Yanvar hadisələri ilə. O, Moskva tərəfindən rəsmi olaraq göndərilmişdi Bakıya. Hadisələr zamanı belə bir məşhur ifadə işlətmişdir. “Biz bura ona görə gəlmişik ki, kommunist rejimin yıxılmasının qarşısını alaq. O, xalq hərəkatı liderləri ilə, hökumətlə, dini xadimlərlə danışıqlar aparırdı və bununla qarşısında qoyulan məsələnin həlli yolunu axtarırdı. Görəndə ki, Vəzirov rejimi (Əbdürrəhman Vəzirov-Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi-red ) çökür, onun belə bir təşşəbüsü olmuşdu, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə (Qafqaz Müsəlmanları İdarəsinin sədri-red) təklif eləmişdi ki, hökumətə sən rəhbərlik elə. Bütün bu addımlar, bu siyasət Azərbaycanda xalq hərəkatının qarşısını almaq məqsədi güdürdü. Belə adamı çətin ki, Azərbaycanın dostu adlandırmaq olar. Ona görə də Bakıda onunla bağlı hər hansı tədbirin keçirilməsi ən azından böyük sual doğurur,” Hacıyev qeyd edib.
Zahid Oruc: Bu məsələdə çox diqqətli olmaq lazımdır
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc hesab edir ki, belə məsələlərdə diqqətli olmaq lazımdır.
"Qısa olaraq deyim ki, Primakov şərqisi təbii ki, o, sovetlər dövründə regionun həyatı ilə bağlı real səlahiyyət sahibi kimi məşğul olan, o cümlədən, müstəqil Rusiyanın demək olar ki, bütün vəzifələri fəth edən, yalnız prezidentlik postundan özünü kənar saxlayan və orada da Vladimir Putin üzərində böyük zəhməti, töhvəsi, yaradıcı gücü olan bir sima sayılır.
Mən anlayıram ki, Azərbaycan insanı Primakov deyərkən 90-ci il hadisələri üzərindən ona qiymət verməyə daha çox indekslənir. Bu da başa düşüləndir. Çünki, o dövrün hadisələrinə siyasi qiymət verilibdir. Hüquqi nəticələr sona qədər açılmayıb."
Onun firkincə, sərgiyə yalnız 90-ci illər kontekstindən deyil, daha geniş baxmaq lazımdır.
"O da ondan ibarətdir ki, sözün əsl mənasında bu gün Rusiya məkanında və ondan çox uzaqlarda Primakova, onun xarizmasına, keçdiyi yola böyük bir örnək kimi yanaşmalar var. Belə sərgilər hansısa mədəni diplomatiya üzərindən Azərbaycana informativ mənəvi hücum planı deyil. Qətiyyən onu elə saymırıq. Rusiya Azərbaycan münasibətləri bu gün inkişaf etməkdədir, faydalıdır. Ona görə də bu məsələdə çox diqqətli olmaq lazımdır," Zahid Oruc Amerikanın Səsinə bildirib.