AXCP funksionerini qanunsuz şəkildə Narkoloji Mərkəzə aparıblar

AXCP funksionerini qanunsuz şəkildə Narkoloji Mərkəzə aparıblar
27 Oktyabr 2019
Mətni dəyiş
Oktyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseynin  60 günlük həbsi barədə Sabunçu rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb. Turan-ın məlumatına görə, məhkəmədə İlham Hüseynin vəkili deyib ki, onu oktyabrın 16-da səhər saat 9 radələrində evinə çörək alıb gələrkən üç nəfər mülki geyimli şəxs saxlayıb. Vəkilin sözlərinə görə, İ.Hüseyni Sabunçu rayon 12-ci Polis Bölməsinə aparıb, saat 16.00 radələrinə qədər orada saxlayıblar: "Daha sonra onu məcburi şəkildə Narkoloji Mərkəzə aparıb, qanından heroin tapılması barədə rəy alıblar. Halbuki, narkoloji müayinə üçün mütləq şəxsin özünün yazılı razılığı olmalıdır. Yoxdur belə razılıq. İlham Hüseynə ailəsilə əlaqə saxlamağa, vəkilini çağırmağa imkan verməyiblər". Vəkil vəsatət verib ki, İlham Hüseynin saxlandığı ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilsin. Vəsatət təmin edilməyib. "Milli Şura 19 oktyabra mitinq təyin etmişdi. İlham Hüseyn də mitinqin təşkilatçılarından biri idi. Oktyabrın 15-dən təşkilatçıları, AXCP fəallarını həbs eləməyə başlamışdılar. İlhamı da oktyabrın 16-da həbs ediblər", - vəkil vurğulayıb. İlham Hüseyn özü qısa danışıb. Deyib ki, mitinq öncəsi həbs olunacağını gözləyirdi: "Səhər çörək alıb gələndə üç nəfər yaxınlaşdı ki, guya Əhəd adlı adamı axtarırlar. Dedim ki, mən uşaq deyiləm..." Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov şikayəti təmin etməyib. İlham Hüseyn bildirib ki, qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcək. İlham Hüseyn oktyabrın 16-da saxlanıb. Onun narkotik ilə yanaşı, həm də saxlanılarkən polisə müqavimət göstərməkdə suçlandığı bildirilir. O, Sabunçu Rayon Məhkəməsinin qərarıyla 60 gün inzibati həbs cəzası alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun