Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin doğulduğu evin divarından barelyefini oğurlamaqda şübhəli bilinən iki nəfər Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.
DİN mətbuat xidmətinin məlumatına görə, oğurluqda şübhəli bilinən digərlərinin tutulması istiqamətində isə tədbirlər davam etdirilir.
Məlumata görə, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar.
Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqələrində aşkar olunaraq maddi sübut kimi götürülüb.
Yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu, hazırda körpələr evi kimi istifadə olunan evin divarından onun barelyefinin oğurlandığı bildirilib.