Qazaxıstanda iqtidaryönümlü Ak Yol Partiyasının nümayəndəsi Azat Peruaşev Baş nazirə Qazaxıstanın adının Qazax Respublikası ilə əvəzlənməsini təklif edib.
Bu barədə "Tengrinews.kz" portalı xəbər yayıb.
"2020-ci ildə müstəqil Qazaxıstanın dövlətçiliyində platforma olan SSRİ tərkibində Qazax Respublikasının yaradılmasının 100 ili tamam olacaq. Demokratik Ak Yol Partiyası dövlət səviyyəsində Qazax Respublikasının 100 illik yubileyinə diqqət ayrılmasını və bu tarixi layiqli qeyd etməyi təklif edir", - deputat müraciətində deyib.
O, ölkənin rəsmi adının yenidən Qazax Respublikasına qaytarılması məsələsini nəzərdən keçirməyi təklif edib.
"Bu təşəbbüsü hələ beş il əvvəl Nursultan Nazarbayev irəli sürmüşdü. Hesab edirəm ki, dövlət başçısının təkliflərini reallaşdırmağın vaxtı yetişib. Hər şeyi öz adı ilə çağırmaq, qaraya qara, ağa ağ, qazaxlara isə qazaxlar demək lazımdır", - o bildirib.
Siyasətçi "Qazax Respublikası" adının artıq formalaşmış "Qazaxıstan" ilə birlikdə istifadə olunmasının zəruriliyini də vurğulayıb.