“Palmali Holding” şirkətlər qrupu Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verməyi nəzərdə tutur.
Abzas xəbər verir ki, bu barədə holdinqin rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov açıqlama yayıb.
Məlumata görə, şirkət 100 azərbaycanlı tələbənin Türkiyədə təhsil xərclərini qarşılamaq üçün təqaüd elan edib.
M.Mənsimovun açıqlamasında deyilir ki, tələbələr bir il boyunca şirkət tərəfindən müəyyənləşdirilən təqaüdü alacaq.
Təqaüd üçün bir neçə kriteriya müəyyənləşdirilib. Bildirilir ki, bir öncəki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlar, şəhid ailəsi üzvü olanlar, Qarabağ müharibəsi qazilərinin yaxınları, ağır maddi durumda olan ailələrin övladlarının təhsil xərcləri qarşılanacaq.
“Tələbələrdən bu əsas kriteriyalara uyğun sənədləri, pasport və ya şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə xüsusi komissiyanın emailinə göndərmələri rica olunur”, – deyə məlumatda deyilir.
Gələn həftədən etibarən, sənədlər toplandıqdan sonra araşdırılacaq və fevral ayında müsabiqənin qalibi olan 100 tələbə ilə təqaüd müqaviləsi bağlanacaq.
"Palmali Holding" şirkəti bir neçə gün öncə 300-ə yaxın vakansiya elan edərək öz həmvətənlərinə şirkətində iş təklifi elan etmişdi.