Müsavat Partiyası həbsdə olan fəalı Elvin Abdullayevin cəza çəkdiyi müəssisədə incidildiyi bildirilir.
E. Abdullayevin anası Zülfüyyə Abdullayeva “Basta” ya bildirib ki, oğlunun bədənində yara var və ona tibbi yardım göstərilmir.
“Onun bədənində yara var, qızdırma, titrətmə verir, tibbi yardım da göstərmirlər. Buna görə daha da məhv oluram. Dərman, ərzaq apardıq, içəri buraxmadılar.”, -Zülfüyyə Abdullayeva bildirib.
Qeyd edək ki, Müsavat Partiyasının fəalı, keçmiş vicdan məhbusu Elvin Abdullayev yanvarın 22-də polis bölməsinə aparılıb. Yanvarın 23-də isə Xətai Rayon Məhkəməsinin qərarı ilə Elvin Abdullayev İnzbati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq ) maddəsilə təqsirli bilinərək 25 sutka inzibati həbsə məhkum edilib.
Müsavat Partiyasının üzvü Elvin Abdullazadə Azərbaycan Pedaqoji Universitetinin tələbəsi olub. O, 2015-ci il yanvarın 8-də imtahandan çıxarkən saxlanıb.
Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunan Elvin Abdullazadə 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il həbs cəzası almışdı. Gənc məhkəmədə ittihamları qəbul etməmiş, bunun siyasi sifariş olduğunu bildirmişdi.
Onun işinə Ali Məhkəmədə baxılanda ittiham olunduğu maddə dəyişdirilmişdi. O, CM-nin 234.1-ci maddəsi (şəxsi məqsədlə narkotik istifadəsi) ilə ittiham edilmiş, cəzası 6 ildən 2 il 6 aya endirilmişdi.
Müsavat Partiyası partiya fəalının həbsinin siyasi motivli olduğunu, onun aktiv siyasi fəaliyyətlə məşğul olduğu, sırf 19 yanvarda “Məhsul” stadionunda keçirilən izdihamlı mitinqdə iştirak etdiyi üçün hakimiyyət tərəfindən cəzalandırıldığını bəyan edib.