52 gündür aclıq aksiyası keçirən “Erməni qartallar - Vahid Ermənistan” Partiyasının sədr müavini, həmçinin “haynews.am” saytının əməkdaşı Mher Yegiazaryan ölüb.
Ötən ilin dekabrın 4-də rüşvət ittihamı ilə həbs edilən 51 yaşlı Mher Yegiazaryan həbsindən 1 gün sonra aclıq aksiyasına başlamışdı.
“Washington Post”-un məlumatına görə, Mher Yegiazaryanın ölümü ötən şənbə, yanvarın 26-da məlum olub.
Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan “aysor.am” saytına açıqlamasında deyib ki, Yegiazaryanın ölümü bir sıra hüquq-mühafizə təşkilatlarının hesabatlarında öz əksini tapacaq və Ermənistanın reytinqinə mənfi təsir göstərəcək:
"Mher Yegiazaryanın ölümü, bu il insan hüquqları və söz azadlığı haqqında hesabatların hazırlanması zamanı nəzərə alınacaqdır. Əlbəttə ki, ölkəmizdə jurnalistlərin ölümü ilə bağlı heç bir hal yoxdur, lakin bu mövzuda ən azı 3-4 hesabat veriləcək ", - deyə Larisa Alaverdyan bildirib.
Larisa Alaverdiyan deyib ki, Ermənistana qarşı dözümsüz olan ölkələr bu vəziyyətdən istifadə edə bilərlər. O, həmçinin bu hadisənin Ermənistana kölgə saldığını vurğulayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı bəyanat yayıb. Avropa İttifaqını və beynəlxalq təşkilatları qınayan bəyanatda deyilir:
“Yanvarın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və Yerevanın “Nubaraşen” cəzaçəkmə müəssisəsində saxlanılan məsul jurnalist, Erməni qartallar – Vahid Ermənistan Partiyasının sədr müavini Mher Yegiazaryan bir ay yarım keçirdiyi aclıq aksiyasından sonra ölüb. Bir müddət əvvəl Mehman Hüseynovun halında aclıq aksiyasını dayandırdığı halda, əsassız iddialarla çıxış edən Avropa Parlamenti, ATƏT, Avropa Şurasının insan hüquqları üzrə məsul rəsmiləri və bəzi dövlətlər Ermənistanın halında aclıq aksiyası nəticəsində ölüm halı ilə bağlı susurlar”.
Bəyanatda daha sonra vurğulanır:
"Ağlasığmaz bir haldır ki, Avropa ölkələrinin diplomatları Mehman Hüseynovla görüşüb onun səhhətinin normal olduğunu şəxsən gördükləri bir halda və Avropa Komissarının onun aclıq aksiyasını dayandırdığını qeyd etdiyi bir halda Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etdi. “Washington Post” qəzetində bu məsələ ilə bağlı qısa müddət ərzində iki məqalə dərc edildi, maraqlıdır, bu qəzet Mher Yegiazaryanın ölümü ilə bağlı məqalə dərc edəcəkmi?
Bilirsiniz, bütün bunlar, əlbəttə ki, Azərbaycana qarşı həyata keçirilən ikili standartlardan xəbər verir. Bu hal bir daha ölkəmizə qarşı saxta təbliğata və məlumatlara əsaslanan kampaniyanın həyata keçirildiyini göstərir. Aydındır ki, bu kampaniyanın əsl məqsədi Azərbaycana qarşı siyasi təzyiq göstərmək cəhdi olmuşdur. İnsan hüquqları universaldır və bölünməz xarakter daşıyır və bu məsələni siyasiləşdirərək onu siyasi təzyiq alətinə çevirmək istəyənlər, əslində, elə insan hüquqları dəyərinə xələl gətirmiş olurlar", - XİN-in Mətbuat xidmətində bildirilib.