Şahvələd Çobanoğlu: ''Bunlar mənim jurnalist dəyərlərimi və ictimai baxışlarımı dəyişən deyil''
Vəkil Zibeydə Sadıqova hüquqlarını müdafiə etdiyi jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qadağanın götürülməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Son vaxtlar bir neçə jurnalistin ölkədən çıxışına qadağanın götürülməsindən sonra vəkil Şahvələd Çobanoğlunun üzərindən də səfər qadağasının qaldırılacağını gözləyirmiş.
Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədov idarənin önündə səfər qadağası ilə bağlı etiraz aksiyası keçirən jurnalistlərə bildirmişdi ki, yaxın zamanlarda bütün jurnalistlərin üzərindən “stoplar” götürüləcək.
Lakin prokurorluq vəkilə cavabında müraciətin cinayət işinə əlavə ediləcəyinə və əlavə cavab veriləcəyini yazmaqla kifayətlənib.
Jurnalist Şahvələdə Çobanoğlu Meydan TV-yə deyib ki, eyni sözlərdən və məzmundan ibarət olan, yalnız tarixi fərqlənən belə məktubu əvvəllər də alıblar və heç bir əlavə məlumat verilməyib. Jurnalist hesab edir ki, bu, onun ölkədən çıxışına 2014-cü ildən qoyulmuş qadağanın götürülməsindən imtina deməkdir.
"Bunlar mənim jurnalist dəyərlərimi və ictimai baxışlarımı dəyişən deyil. Ölkəmdə olmağı həm də borc bilirəm özümə. Burada olmaqdan yalnız sevinc duyuram. Bakı şəhərinə olan bağlılığıma özüm də təəccüb edirəm. İki günlüyə rayona səfərdən darıxıb qayıdıram, gəlib burada səki daşında oturub dərindən nəfəs alıram. Amma nə fərqi var, hüquqlarım ciddi şəkildə pozulur, xarici ölkədə 2014-cü ildə başlamış müalicəm yarımçıq qalıb, bu, o qədər böyük fəsad yaradır ki, qadağa qərarı ölüm hökmünə çevrilə bilər".
Şahvələd Çobanoğlunun sözlərinə görə, övladlarnın təhsili ilə bağlı ciddi məsələlər var, iki il öncə qızı universitet qeydiyyatına təkbaşına gedib. Ölkədən çıxışına qadağa qoyulduğuna görə valideyn kimi övladına Türkiyədə kömək edə bilməyib.
"Sənədləşmə və yol çətinliklərinə görə qızım qazandığı Türkiyə hökuməti təqaüdündən istifadə edə bilmədi. Bizim durumda olan bir ailə üçün bu itki səfalətlə üzləşməyə bərabərdir. Bu qədər müddətdən, bu qədər zərərlərdən sonra yenə qərarı dəyişmirlər".
Jurnalistin vəkili deyir ki, hüquqi müstəvidə mübarizələrini davan etdirəcəklər.
Ş.Çobanoğlu hökumətin fəaliyyətini tənqid edən yazıların müəllifidir. Müxtəlif vaxtlarda "7 gün", "Azərbaycan" qəzetlərinin müxbiri, "Hürriyyət", "Günaydın" qəzetlərinin baş redaktoru işləyib, “Fərqli Düşüncə” dərgisinin təsisçisi və baş redaktoru olub və bir sıra media orqanları ilə əməkdaşlıq edib. Araşdırmaçı jurnalist və "Azadlıq" qəzetinin köşə yazarı kimi tanınır.