Vurulan Rusiya təyyarəsi "İl-20" tipli radioelektron mübarizə və kəşfiyyat təyyarəsidir, içində 14 hərbçi olub.
Hadisələr Putin - Ərdoğan razılaşmasından dərhal sonraya təsadüf edib. Anlaşmanın mahiyyəti budur ki, iki ölkə İdlibdə demilitarizasiya zonası yaradır, Rusiya və Suriyanın hücum etməməsinin əvəzində Türkiyə oktyabrın 10-na qədər müxalif qrupların bütün ağır silah və texnikasını, oktyabrın 15-nə qədər isə terrorçuları oradan çıxarmağa, ilin sonuna qədər strateji əhəmiyyətli Hələb-Latakiya, Hələb-Hama yollarını açmağa (yəni mərkəzi hökumətin nəzarətinə verməyə) boyun olur. Lakin terrorçuların nəyin müqabilində həmin əraziləri tərk etməyə razı olacağı və könüllü çıxmayacaqları təqdirdə, Türkiyənin onları belə qısa müddətdə hansı yolla çıxaracağı aydın deyil. Əgər terrorçular Türkiyənin sözü ilə xoşluqla oranı tərk edəcəksə, bu, heç də Türkiyə haqda müsbət rəy yaratmayacaq. Digər tərəfdən, terrorçuların hara gedəcəkləri məsələsi də var. Əgər İdlib (ümumən Suriya) torpaqlarında qalmağa davam edəcəklərsə, gec-tez onların məhv edilməsi gündəmə gələcək.
Rusiyanın burada itirəcəyi bir şey yoxdur, hərbi əməliyyata böyük xərc çəkib, dinc əhalinin ölümü və qaçqın axınına görə Qərbin sərt qınaqlarına, yeni sanksiyalarına məruz qalmaqdansa, məsələnin sakit şəkildə həlli daha yaxşıdır. Əsədin də tələbləri qismən yerinə yetirilir. Türkiyə üçün müsbət tərəfi budur ki, sərhədlərinin lap yaxınlığında yeni qanlı savaşın və bunun nəticəsində yüz minlərlə qaçqının ölkəyə axınının qarşısı alınır, türk hərbi kontingenti bölgədə qalmağa davam edir. (Əgər razılaşmanın şərtləri yerinə yetirilərsə.)
Anlaşmanın əsas siyasi nəticəsi isə budur ki, Astana formatı qorunur, Türkiyə - Rusiya - İran tərəfdaşlığı qüvvədə qalır. Yəqin ki, ABŞ-Türkiyə gərginliyinin yenidən artmasının şahidi olacağıq.
Şahin Cəfərli