- Azərbaycan prezidentinin Rusiyaya səfərinin nəticələrini necə qiymətləndirirsiniz ?
- Birinci pozitivdən başlayaq. Dövlət başçılarının görüşünün özü pozitivdir. Görüşməyəndə anlaşılmazlıqlar artır, ziddiyətlər daha da gərginləşir. Məsələn, biz bunu Gürcüstan, Moldova, Ukraynada görürük. Dövlət başçıları arasında heç bir anlaşma olmayanda çox ağrılı nəticələrə gətirib çıxardır. Ümumən vəziyyət pozitivdir.
İkincisi iqtisadi sahədə müəyyən sazişlər imzalandı. Bu sazişlərlə bağlı fikir bildirmək istəyirəm. Ümumiyyətlə Rusiya ilə tək Azərbaycan deyil, hər hansı bir dünya dövlətinin münasibətləri bu gün daha çox Vaşinqtonda müəyyənləşir. Yəni Vaşinqtonun tətbiq etdiyi sanksiyaların həcmi, miqyası ağırlığı ilə müəyyənləşir. Bu gün imzalanan hər hansı bir saziş sabah sadəcə gerçəkləşdirilməyə də bilər. Bir çox hallarda gerçəkləşdirmək qeyri-müəyyən olacaq. Çünki ABŞ-ın tətbiq etdiyi sanksiyaların coğrafi məhdudiyyəti yoxdur, qlobal xarakter daşıyır. Dollarla bağlı, digər qlobal iqtisadi faktorlarla bağlı bütün dövlətlər, o cümlədən Rusiya şirkətlərinin çoxu bu sanksiyaları nəzərə almaq məcburiyyətində qalır. Bu qlobal sanksiyalardır. Ona görə də bu gün Azərbaycan–Rusiya iqtisadi münasibətlərinin dirçəlməsindən danışanda bir qədər ehtiyyatlı olmalıdırlar. Bu iqtisadi əlaqələri genişləndirərkən də ehtiyyatlı olmaq lazımdır. Xüsusilə hərbi-texniki avadanlıqların alınmasını genişləndirərkən ehtiyatlı olmaq lazımdır. Çünki hərbi sahədə əməkdaşlıq edən ölkələrə qarşı ABŞ sanksiya tətbiq edə bilər. Sanksiyalar gözləniləndir. Bu sanksiyalar bu gün aldığımız hərbi texnikadan istifadəni çətinləşdirə bilər.
İqtisadi blokla bağlı pozitivin olması yaxşıdır. Həddindən artıq ehtiyyatlı olmaq lazmdır. Çünki öz üzərimizə elə öhdəliklər götürməməliyik ki, Rusiya qarşısında sonradan həmin öhdəlikləri yerinə yetirməyək.
- Hər iki prezidentin mətbuat üçün bəyanatında iqtisadi və ticarət sahələrinə böyük yer verildiyinə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox az danışıblar. Xüsusilə də Rusiya prezidenti cəmi iki cümlə işlədib. Buna münasibətiniz necədi? Rusiya faktoru münqaişənin həllinə kömək edə bilərmi?
- Rusiya yalnız bir halda münaqişənin həllində yardımçı olar. O haldır ki, bu münaqişə Rusiyanın maraqları çərçivəsində həll olunsun. Bu gün Rusiyanın xarici siyasəti ondan ibarətdir ki, o məkanı tam təsir dairəsinə keçirtmək istəyir. Bu gün faktiki olaraq Rusiya ictimaiyyətinə Putinin mesajı ondan ibarətdir ki, mən Rusiya imperiya torpaqlarını yenidən toplayıram. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın yardımı o halda mümkündür ki, bu həll variantı həmin prosesi tezləşdirsin. Yəni Azərbaycan və Ermənistan öz müstəqilliyindən imtina etsinlər. Bu gün Dağlıq Qarabağın qiyməti həm Azərbaycan, həm Ermənistan üçün müstəqilliyinin düşünülməsi ilə bağlıdır. Putin çıxışında vaxtının çox az bir hissəsini Dağlıq Qarabağ münaqişəsinə həsr edirsə, bu, o deməkdir ki, hələlik o razılaşma əldə olunmayıb. Hələlik bu istiqamətdə gerçək bir anlaşma yoxdur.
- Bəzi ekspertlər qeyd edir ki, Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı müəyyən razılaşmalar mümkündür. Bu faktora necə baxırsınız?
- Mən düşünürəm ki, əgər belə bir razılaşma mümkün olsaydı Rusiya bunu çoxdan həyata keçirməyə çalışardı. Başa düşmək lazımdır ki, bu gün Azərbaycanın daxili siyasi gerçəkliyi var. Hakimiyyət kifayət qədər güclüdür. İstənilən sazışı əhaliyə qələbə kimi təqdim edə bilər. Rusiya sülhməramlılarını yerləşdirmək yolu ilə də bu edilə bilər. Ermənistan elə vəziyyətdə deyil ki, Rusiyaya “buynuz” göstərə, Rusiyanın təklif edəcəyi hər hansı bir variantı rədd edə bilsin. Çünki Rusiyadan hərbi sahədə tamamilə asılı vəziyyətdədir. Ermənistan hakimiyyətdə kimin olmasından aslı olmayaraq Rusiyaya etiraz edə bilməz. N.Paşinyan da bu gün çıxışlarının tonunu dəyişib. Bu gün Putinin ona inanmamasına baxmayaraq, Rusiya ilə dil tapmağa çalışır. Çünki Dağlıq Qarabağ münaqişəsi həll olunmadan,Türkiyə ilə münasibtləri sabitləşdirmədən Ermənistan Rusiyadan imtina edə bilməz.Yəni bu halda Azərbaycan razı olsaydı, Ermənistanı razı salmaq elə bir problem deyil. Razılaşma çoxdan həyata keçirilərdi.