Paşinyana içəridən ilk zərbə

Paşinyana içəridən ilk zərbə
12 Sentyabr 2018
Mətni dəyiş

Ermənistanda böyük siyasi qalmaqal başlayıb. Səbəb Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasındakı telefon danışığının internetə sızdırılmasıdır.

Bir neçə həftə əvvələ aid olan telefon söhbətində keçmiş prezident Koçaryanın həbsinin zəruriliyindən, Paşinyanın da bunu istəməsindən və üstəlik, KTMT baş katibi Xaçatryanın da həbsini tələb etməsindən; Koçaryanın işinə baxacaq hakimin qorxması və Vanesyana telefon açmasından, MTX rəhbərinin hakimə həbs qərarı çıxarmağın vacibliyini bildirməsindən; sabiq müdafiə naziri Seyran Ohanyanı da cəzalandırmağın önəmindən bəhs olunur. Yəni keçmiş hakimiyyət mənsublarına, ümumən Qarabağ klanına qarşı hüququ təqiblərin arxasında Paşinyanın dayandığı, bu işlərin siyasi xarakterli olduğu ortaya çıxır. (Zatən başqa cür ola da bilməzdi.)

Ölkədə gizli dinləmələri həyata keçirən orqanın rəhbərinin özünün dinlənilməsi təbii ki, çox ciddi məsələdir və səs yazısını yayanların hansı məqsədləri güdməsi önəmlidir.

Bu, ən əvvəl onu göstərir ki, klan asanlıqla təslim olmaq niyyətində deyil və arxasında xalq dəstəyi olmasa da, Rusiyanın dəstəyi var. Paşinyan bu dəqiqə həm iqtidardır, həm də müxalifət: bir tərəfdən baş nazir kimi geniş səlahiyyətləri var, amma digər tərəfdən, parlament və dövlət aparatı, yəni sistem onun nəzarətində deyil. Dinləməni aparan qüvvə ya köhnə rejimin sistemin içindəki adamlarıdır, ya da birbaşa Rusiya kəşfiyyatıdır.

Onların telefon danışığını yaymaqda məqsədi əvvəla, klan liderlərinə qarşı aparılan istintaq işlərini istər daxili ictimai rəydə, istərsə də beynəxalq aləmdə diskreditasiya etmək, bu işlərin tamamilə siyasi mülahizələr, qisasçılıq motivi ilə aparıldığını ortaya qurmaqdır. İkincisi, daxildə və xüsusən Qərb çevrələrində Paşinyanın demokrat, islahatçı imicinə zərbə vurmaq, sentyabrın 23-dı İrəvan bələdiyyəsinə seçkilər öncəsi onu mümkün qədər nüfuzdan salıb, mövqelərini sarsıtmaq hədəflənir. (Ölkədə qiymət artımı da var.) Əgər seçkidə Paşinyanın bloku paytaxtda böyük üstünlüklə qələbə çalarsa, bu, yeni baş nazirin nüfuzunun bilavasitə xalq tərəfindən təsdiqlənməsi ilə yanaşı, onun hakimiyyətinə və addımlarına əlavə legitimlik də qazandıracaq. Xalq növbəti siyasi addımlarını gerçəkləşdirməsi üçün Paşinyana kart-blanş vermiş olacaq.

Hazırda Paşinyanın əsas məqsədi mövcud parlamentdən mümkün qədər tez xilas olmaqdır. Lakin erkən seçki qərarını qəbul etdirmək elə də sadə məsələ deyil. Bunun üçün gərək baş nazir istefaya getsin və parlament yeni hökumət başçısını seçmək üçün iki dəfə uğursuz cəhd göstərsin. Heç bir təminat yoxdur ki, Paşinyan istefa verdikdən sonra parlament çoxluğu onun yerinə öz adamını seçməyəcək. Bu səbəblə Paşinyan parlamentin buraxılması prosedurunu sadələşdirmək üçün Konstitusiyanı dəyişdirmək istəyir. Lakin Konstitusiyanı istər parlamentdə, istərsə də referendum yolu ilə dəyişmək üçün də indiki parlamentə ehtiyac var.

Yəni hüquqi baxımdan ciddi tıxanıqlıq yaranıb və Paşinyanın bu mürəkkəb vəziyyətdən çıxış yolu tapıb-tapmayacağı baş nazirin siyasi gələcəyini müəyyən edəcək. Onun dünənki mitinqdə Koçaryan və Sarkisyanı açıq şəkildə ittiham etməsi və "görəcəksiniz!" hədəsi Ermənistanda daxili mübarizənin daha da şiddətlənəcəyinə işarədir.

Şahin Cəfərli

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun