Makedoniyanın baş naziri Zoran Zaev deyib ki, vətəndaşlar ya ölkənin yeni adını qəbul etməli, ya da gələcək qeyri-stabilliyi və təcrid olunma ilə üzləşməlidirlər. Fransa Press agentliyinə müsahibə verən baş nazir vətəndaşları referendumda ölkənin adının dəyişdirilməsinə- Şimali Makedoniya Respublikası adlandırmasına “hə” deməyə çağırıb.
Makedoniya parlamenti Yunanıstanla əldə olunmuş razılaşmaya əsasən ölkənin adının dəyişdirilməsinə dair ümumxalq səsverməsi – referendumun sentyabrın 30-da keçirilməsi barədə hökumətin təklifini qəbul edib.
Baş nazir Zoran Zaev bundan öncə də jurnalistlərə demişdi ki, Yunanıstanla uzun sürən mübahisənin başa çatması Makedoniyaya Avropa İttifaqı və NATO-ya qoşulmaq imkanı verəcək. Əvvəllər Makedoniyanın bu arzusu onun hazırkı adı ilə razılaşmayan Yunanıstan tərəfindən bloklanırdı.
Makedoniya ilə Yunanıstan arasında ad mübahisəsi 1991-ci ildən- Makedoniya müstəqilliyini elan edəndən başlayıb.