İran uşaq bezi böhranı ilə üzləşib. Kəskin artan qiymətlər və qıtlıq sosial mediada qəzəbli mesajlara səbəb olub.
Hər şey şənbə günü prezident Həsən Ruhani və kabinetinin ali lider Ayətulla Xameneyi ilə görüşü zamanı başlayıb.
Ayətulla Xameneyi bez çatışmazlığını xatırladaraq günahı "insanları dövlətlə düşmən etmək niyyətində olan rəqibdə" gördüyünü dilə gətirib.
O, bəlkə də bilməyərəkdən insanlarda qəzəb oyadıb və çox keçmədən İran sosial mediasında bezlər trendə çevrilib: müxalifət hakimiyyəti, hakimiyyət ABŞ sanksiyalarını və rejim dəyişikliyi tərəfdarları İslam Respublikası idarə-üsulunu günahlandırıblar.
Həyat dəyişdirən
Mart ayından bəri İran valyutası ABŞ dollarına nisbətdə dəyərinin təxminən üçdə ikisini itirib. Bunlara səbəb isə Trump administrasiyasının nüvə sazişindən çəkilməsi və İrana qarşı yenidən sanksiyalar tətbiqidir.
Bu isə idxal olunan malların qiymətinin qalxması ilə nəticələnib.
İranda satılan bezlərin böyük hissəsi ölkədə istehsal olunsa da, istehsalçıların idxal olunan xammala ehtiyacı var.
Beləliklə, uşaq bezlərinin qiymətləri cəmi bir neçə ay içində sürətlə artmağa başlayıb.
Misal üçün, apreldə qiyməti 380 min rial olan İran istehsalı bir paket bez avqustun sonu 850 min riala qalxıb: dörd ay ərzində 137% artım.
Qiymət artımı ailələrin büdcəsinə təsir etməklə yanaşı, onların həyatını da dəyişir.
Əli şimal-şərqdə yerləşən Məşhəd şəhərində həyat yoldaşı və bir yaşlı oğlu ilə birgə yaşayır. O, BBC Farscaya müsahibəsində balaca oğulları "özünü tənha hiss etməsin deyə" dünyaya ikinci uşaq gətirmək planlarından söz açıb.
Lakin son aylarda qalxan qiymətlər, xüsusilə də bez qiymətləri onları fikirlərindən daşındırıb.
"Bu gedişlə bir uşağı böyütmək özü böyük nailiyyət olacaq," o deyir.
Kasıblıq dövrü
Uşaq bezlərindən başqa, böyük bezləri və gigiyenik bezlərin də qiyməti qalxıb.
Atası həm Alzheimer, həm də Parkinson xəstəliyindən əziyyət çəkən Müslim beş ilə yaxındır ki, böyüklər üçün bezlərdən yararlanır.
"Martda bir paket bez 200 min riala idi. İndi əgər tapa bilsəm, 500 min rialdan ucuz olmayacaq", Müslim söyləyib.
O deyir ki, bu gedişlə "eynən qədimdəki kimi" salfet və əski işlətmək məcburiyyətində qalacaq.
Gigiyenik bezləri tapmaq da çətinləşir, paytaxt Tehranda yaşayan Səma bizə deyir.
"Gigiyenik bezlər, bahalı maşın deyil ki. İstər varlı, istərsə kasıb, hər bir qadının onlara hər ay ehtiyacı var," o söyləyir.
Və uşaq bezləri kimi gigiyenik bezlər də çoxlu sayda alındığına görə, qiymətlərin daha da artacağı və qıtlıq yaranacağı qorxusu mövcuddur.
Bez stokçuları
Qiymətlər əsasən valyutanın devalvasiyasına görə artsa da, qıtlığa səbəb kimi stoklama, mənfəət və gömrük gecikmələri göstərilir.
Ötən gün hakimiyyət rəsmiləri bildiriblər ki, Tehrandan 80 km qərbdə yerləşən Səvucbulaq şəhərində bir milyon paket bezlə dolu anbar aşkarlanıb.
Bu bezlər dolların məzənnəsi qalxmamışdan qabaq, yəni cəmi bir neçə ay öncə idxal olunub və daha baha qiymətə satmaq məqsədilə saxlanıb, rəsmilər deyib.
Bir ticarət orqanına əsasən, İranda on bez fabriki idxal olunan xammal çatışmazlığına görə istehsalı dayandırıb.
Yazda məzənnə fərqi artmağa başlayan zaman hökumət qiymətləri aşağı saxlamaq üçün idxalçılar üçün subsidiya edilmiş xarici valyuta ayıracağını bildirmişdi.
Qərar isə bizneslərin subsidiya edilmiş valyutanı götürərək malları idxal edib aşağı qiymətə satması əvəzinə, qara bazara satması kimi bir vəziyyətə səbəb oldu.
Hazırda İranın Mərkəzi Bankı bu siyasəti dəyişdirib. Belə ki, bizneslər malları idxal etməmişdən öncə qiymət fərqini ödəmək məcburiyyətindədir.
Bu isə idxal olunan bez və xammalın gömrük anbarlarında saxlanmasına səbəb olur və qıtlıq yaradır.
Bu hələ son deyil
ABŞ sanksiyalarının ikinci dalğası İranın neft ixracatına yönəlib və Mərkəzi Bank bundan noyabrın 4-ü təsir görəcək.
Trump administrasiyası, İranın hökumətinin xarici valyuta üzrə böyük mənbəyi olan İran nefti ixracını sıfıra endirmək niyyətindədir.
Belə olduqda İran valyutası aşağı düşməyə davam edəcək. Görünür ki, bez böhranı heç də son hekayə olmayacaq.