Hər iki partiyanı təmsil edən ABŞ senatorlarından ibarət nüfuzlu qrup “Amerikanın təhlükəsizliyini Kremldən müdafiə edən” tədbirlər paketi təqdim edib.
Bu tədbirlərə Rusiyaya qarşı yeni maliyyə sanksiyaları və NATO-ya “güclü dəstək bəyanatı” daxildir.
Avqustun 2-də təqdim olunmuş qanun layihəsi Rusiyanı ABŞ seçkisinə müdaxilə etdiyinə, Ukraynadakı təcavüzünə və başqa “ziyanlı” fəaliyyətlərinə görə cəzalandıran azı dördüncü qanunvericilik aktıdır.
Respubliklakçı senator Lindsey Graham qanun layihəsini təqdim edərkən deyib ki, “hazırkı sanksiyalar Rusiyanı qarşıdan gələn 2018-ci il mövsümarası seçkilərinə müdaxilədən çəkindirə bilməyib”.
Graham deyib: “Bizim məqsədimiz satus quo-nu dəyişdirmək və Putin Rusiyası, ABŞ-ın seçki sisteminə müdaxiləsini, ABŞ infrastrukturlarına haker hücumlarını dayandırana, qoşunlarını Ukraynadan çəkənə və Suriyada xaos yaradan hərəkətlərinə son qoyanadək Moskva üzərinə əzici sanksiyaların və başqa tədbirlərin tətbiqidir”.
Senatorların yaydığı bəyanata görə yeni sanksiyalar “birbaşa və dolayısı ilə Vladimir Putinin adından qanunsuz və korrupsiya əməlləri ilə məşğul olan siyasi fiqurları, oliqarxları, onların ailə üzvlərini və başqa şəxsləri” hədəfləyəcək.
Yeni qanun habelə Putinin şəxsi sərvətinin şəbəkəsi və məbləği barədə hesabatın hazırlanmasını nəzərdə tutur.
Amerikaya meydan oxuyan Putinə qarşı
ABŞ prezidenti ötən ay Helsinkidə Vladimir Putinlə sammitdəki davranışına görə kəskin tənqid olunurdu. Onu görüş zamanı Rusiyanın seçki müdaxiləsi və başqa qlobal məsələləri qaldırmamaqda günahlandırırdılar.
Həmin sammitdən bəri demokratlar və respublikaçılar Rusiyaya qarşı yeni tədbirlərin görülməsinə çağırırdılar.
Graham və demokrat senator Robert Menendez iyulun 24-də verdikləri birgə bəyanatda bildirmişdilər:
"Vladimir Putin xaricdə və daxildə Amerikanın qüdrətinə, nüfuz və təhlükəsizlik maraqlarınameydan oxumaq niyyətini açıq şəkildə bildirdiyinə görə Birləşmiş Ştatlar tamamilə aydın şəkildə bildirməlidir ki, “biz öz ölkəmizi müdafiə edəcək və onun Qərb demokratiyasını sarsıtmaq səylərinin dəf olunmasında tərəddüd etməyəcəyik…”
Sözü gedən qanun layihəsini avqustun 2-də Graham və Menendez-lə yanaşı, həm də demokratlar Ben Cardin və Jeanne Shaheen, habelə respublikaçılar Cory Gardner və John McCain təqdim ediblər.
Amerika Təhlükəsizliyinin Kremlin Təcavüzündən Müdafiəsi (Defending American Security from Kremlin Aggression Act of 2018) 2018 adlı qanun Rusiya üzərinə iqtisadi, siyasi və diplomatik təzyiqlərin artırılmasını nəzrdə tutur.
Senatorlar bildiriblər ki, Konqresin Rusiyaya qarşı sərt tədbirlər barədə qanunu böyük səs çoxluğu ilə dəstəklədiyi halda, təəssüf ki, administrasiya onun icrasını tam olaraq həyata keçirməyib.
ABŞ-ın NATO-dan çıxması çətinləşdirilir
Qanun layihəsində habelə NATO-ya “güclü dəstək” bildirilir. Layihədə ABŞ-ın alyansı tərk etməsi üçün bu qərarın Senatın üçdə ikisinin səsi ilə qəbul edilməsini tələb edən maddənin əlavə olunması nəzərdə tutulur.
Bir çox ABŞ siyasi və hərbi rəsmiləri xarici müttəfiqlərlə yanaşı Trump-ın NATO-ya münasibətdə tutduğu sərt mövqeyi tənqid edirlər.
Bu qanun habelə ABŞ-ın qanunsuz kiberfəaliyyətlərə qarşı müdafiəsini gücləndirməli və ABŞ seçki sisteminin təhlükəsizliyinin təmin olunmasına imkan verməlidir.
AzadlıqRadiosu yazır ki, qanun layihəsinin indiki şəkildə Senat və Nümayəndələr Palatasından keçib-keçməyəcəyi bilinmir. Buna baxmayaraq Senat əvvəllər Rusiyaya qarşı sərt tədbirləri ehtiva edən layihələri böyük səs çoxluğu ilə qəbul edib.
Ağ Ev təqdim olunmuş qanun layihəsinə hələlik münasibət bildirməyib.