Şah Dəniz layihəsi bazar ertəsi günü ABŞ prezidenti Donald Trump-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan istisna olsa da, Azərbaycanın İranla birgə layihələri Azərbaycan şirkətləri üçün problemlər yarada bilər, ABŞ-ın Azərbaycana keçmiş səfiri BBC News Azərbaycancaya deyib.
Cənab Trump-ın imzaladığı qanun, 2012-ci ildə imzalanmış sanksiya qanunlarında qeyd olunan istisnanı təkrarlayaraq İran dövlət neft şirkətinin iştirak etdiyi Şah Dəniz layihəsini sanksiyalardan qoruyur.
Hazırda George Mason universitetinin Schar Siyasət və Hökumət Məktəbində dərs deyən Professor Richard Kauzlarich Şah Dəniz layihəsinin istisna olmasını Amerikanın əvvəlki mövqeyindən ciddi şəkildə fərqlənmədiyini, lakin Azərbaycanın gələcək layihələrinin sanksiyalardan qorunmayacağını bildirib.
Avropa İttifaqı daxil olmaqla İran nüvə sazişinə imza atan digər ölkələr isə ABŞ-ın sanksiyalarını rədd edir və İranla iqtisadi əlaqələrinə davam edəcəklərini bəyan ediblər.
Richard Kauzlarich BBC News Azərbaycancaya deyib ki, "bu ABŞ-ın mövqeyində böyük bir dəyişiklik deyil."
"Bu siqnal göndərir ki, Şah Dəniz layihəsi və boru layihəsinin hazırki sahibkarlar strukturu ilə davam etməsinə icazə veriləcək."
Nüvə sazişi İran nüvə sazişi 2015-ci ilin oktyabr ayında imzalanıb və 2016-cı ilin əvvəlindən qüvvəyə minərək İrana qarşı mövcud olan sanksiyaları aradan qaldırıb.
Əvəzinə, İran nüvə sənayesinin beynəlxalq ictimaiyyət tərəfindən müşahidə edilməsinə razılıq verib və yalnız nüvə enerjisini inkişaf etməyə vəd edib.
Lakin Donald Trump ABŞ-ın yeni prezidenti seçildikdən sonra sazişi ləğv etməyə qərar verib.
ABŞ dünyaya qarşı?
Trump administrasiyasının narazılığına baxmayaraq, sazişə imza atan digər ölkələr İrana qarşı yeni sanksiyalar tətbiq etmək istəmirlər.
Çin, Rusiya və Türkiyə artıq İranla ticarətin davam edəcəklərini bildiriblər.
ABŞ-ın Avropa İttifaqındaki müttəfiqləri də ABŞ sanksiyalarına qarşı tədbirlər görəcəklərini qeyd edirlər.
Bazar ertəsi günü yaydıqları birgə bəyanatda Avropa İttifaqı, Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri nüvə sazişinin nəzərdə tutulduğu kimi işlədiyini və "məqsədini yerinə yetirdiyini" bildiriblər.
Aİ ölkələri sanksiyaların ləğvinin "İranla ticarət və iqtisadiyyat əlaqələrilə yanaşı, iranlıların həyatına də müsbət təsir" göstərdiyini qeyd edərək İranın neft və qaz ixracının davam etməsinə yardım edəcəklərini bildiriblər.
Nazirlər İranla əməkdaşlıq edən Aİ şirkətlərini ABŞ sanksiyalarından qorumaq üçün yeni qanunun avqustun 7-dən qüvvəyə minəcəyini bildiriblər..
Azərbaycan və İran Azərbaycan üçün İranla əlaqələri mürəkkəbləşdirən iqtisadi və geosiyasi faktorlar mövcuddur.
İranın regional rəqibi sayılan İsrail və Azərbaycan arasında iqtisadi əlaqələr və hərbi əməkdaşlıq İranı narazı salır.
Buna baxmayaraq Azərbaycan qeyri-neft sektorunun inkişafı rəmzində İranla ticarət əlaqələrinin təkmilləşdirilməsini istəyir.
Mart ayında İran və Azərbaycan prezidentləri Xəzərdəki neft və qaz yataqlarının birgə axtarışına dair memorandum imzalayıb.
Bundan sonra İran rəsmiləri dəfələrlə Azərbaycanla birgə neft şirkətinin yaradılacağını və bu şirkətin iki ölkənin birlikdə yeni hidrokarbon yataqlarının axtarışı və hasilatı üçün bir vasitə olacağını deyiblər.
BBC Azərbaycanca bu planlara dair ARDNŞ-lə əlaqə saxlaya bilməyib. Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BBC News Azərbaycancaya bildirib ki, İran və Azərbaycan "dost və qonşu ölkələrdir".
O vurğulayıb ki, iki ölkə arasında münasibətlər "mehriban qonşuluq" prinsipinə əsaslanır və "bundan sonra da davam edəcək". Richard Kauzlarich isə bu cür yeni layihələrin Azərbaycan şirkətləri üçün gələcəkdə problem yarada biləcəyini qeyd edir.
"Görünür ki, hər hansı yeni bir layihə sanksiyalardan istisna hüququnu ala bilməyəcək", o vurğulayıb.