Amnesty İnternational (Aİ) beynəlxalq insan haqları təşkilatı bu həftə açıqladığı hesabatında iyul və avqust aylarında təxminən 120 İran azərbaycanlısının dini etiraz aksiyaları və tədbirlərində iştirak etdiklərinə görə həbs edildiyini bəyan edib.
Təşkilat həmin şəxslərin yalnız öz mədəni hüquqlarını tələb etdiklərinə görə həbs edildiklərini deyir və onlardan birinin - İbrahim Nurinin - Evin təcridxanasının 209 nömrəli bölməsində saxlandığını qeyd edir.
İranın Xarici İşlər Nazirliyi BBC News Azərbaycancaya bildirib ki, bu hesabat barədə məlumatları yoxdur, İranın Azərbaycandakı Səfirliyi isə İranın Aİ kimi təşkilatlar barədə şərh vermədiyini deyib.
Azərbaycanlılar İranda ən böyük etnik azlıqdır və hər il ana dilində təhsil və digər mədəni hüquqlarını tələb edən onlarla İran azərbaycanlısı həbs və müvəqqəti saxlanmalarla üzləşdikləri barədə məlumat verirlər.
Aİ-ın məlumatına görə, iyul və avqust aylarında təxminən 120 şəxs iki fərqli mədəni tədbirlərlə əlaqələrinə görə saxlanılıb.
Onlardan biri, İbrahim Nuri, hələ də həbsdədir. Aİ güman edir ki, İranın Kəşfiyyat Nazirliyinə məxsus Evin həbsxanasının 209-cu bölməsində saxlanan bu fəala qarşı ciddi ittihamlar sürülüb.
Aİ, fəal və hüquq fakültəsi tələbəsi olan İbrahim Nurinin "vicdan məhbusu" olduğunu deyib və İran hakimiyyətini onu "dərhal və şərtsiz azad etməyə" çağırıb.
Təşkilatın məlumatına görə, İbrahim Nuri iyulun 2-si Tehran şəhərində saxlanılıb və 3 iyulda ailəsinə "5 saniyəlik" telefon zəngindən sonra onun barədə məlumat almaq mümkün olmayıb.
Məlumata görə, o, Ana Dili Gününü qeyd etdiyi üçün və yalnız "dinc etirazları" səbəbindən 2006, 2013, 2014 və 2015-ci illərdə də saxlanılıb.
Hesabata görə, ənənəvi olaraq hər ilin iyul ayının ilk şənbə-bazar günləri qeyd etdikləri kimi, bu il də iyulun 6-sı və 7-si minlərlə İran azərbaycanlısı yığışaraq tədbirlər keçirib, öz dilləri və mədəniyyətlərini qeyd ediblər.
Lakin onlarla İranda yaşayan azərbaycanlı fəal İran hökumətinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Aİ iddia edir ki, onların bəziləri işgəncəyə məruz qalıb. Təşkilat İran hökumətini bu iddiaları "araşdırmağa" çağırıb.
Aİ bildirir ki, təşkilatın etibarlı mənbələri avqustun 9-dan 10-na keçən gecə Ərdəbil vilayətində yerləşən Meşkinşəhr şəhərinin yaxınlığında bir qadın və 39 kişi saxlanılıb.
Təşkilat saxlanılanların gecə vaxtı azərbaycan dilində mahnı oxumağı və növbəti günün səhəri isə Savalan dağına qalxmağı planlaşdırdıqlarını bildirir.
Aİ, onların hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən döyüldüyünü iddia edib.
Təşkilat İranı ifadə azadlığı, etnik azlıqların hüquqlarını pozmaq, əsassız həbsləri həyata keçirmək və dinc etirazçılara qarşı işgəncə və zor tətbiqi törətməkdə təqsirləndirib.
Aİ-nin İran üzrə təhqiqatçısı Mansoureh Mills BBC News Azərbaycanca deyib ki, onun təşkilatı "İran hakimiyyətini azərbaycanlı türk icmasına qarşı repressiyalara dərhal son qoymağa" çağırır.
O, həmçinin İran hakimiyyətini saxlanan fəallara qarşı bütün ittihamlara xitam verməyə çağırıb.
BBC News Azərbaycanca İranın Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlayaraq Aİ-nin hesabatındakı iddialara şərh öyrənməyə cəhd göstərsə də, Səfirlik Aİ kimi təşkilatlar barədə şərh vermədiyini bildirib.
İran Xarici İşlər Nazirliyindən isə nazirliyə bu hesabat barədə məlumatın daxil olmadığı bildirilib. İran DİN-i şərh vemrəkdən imtina edib.