ABŞ-ın hər iki əsas siyasi partiyasını təmsil edən 17 qanunverici Tramp arministrasiyasınıp Çinin Şincan vilayətində azlıqda olan etnik uyğurların hüquqlarının pozulmasında günahlandırılan Çin rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsinə çağırıb.
Qanunvericilər məktubu çərşənbə günü dövlət katibi Mayk Pompeo və maliyyə naziri Stiven Mnuçinə göndərib. Məktubda deyilir ki, uyğurlar və Çinin qərbindəki muxtar vilayətdəki digər müsəlmanlar “siyasi təhsilləndirmə” kimi tanınan mərkəzlər və düşərgələrə salınmaq da daxil olmaqla, “özbaşına həbslər, işgəncə, din və mədəniyyətlərinə görünməmiş məhdudiyyətlər” qoyulması ilə qarşılaşır.
Doqquz respublikaçı, yeddi demokrat və bir müstəqil qanunverici tərəfindən imzalanan məktubda bu siyasətə nəzarət edən Çin hökuməti və Sincan vilayətinin kommunist partiyasının rəhbəri Çen Quanquo da daxil olmaqla, iqtidarda olan Kommunist partiyasının rəsmilərinə qarşı Maqnitski Aktı çərçivəsində sanksiyaların tətbiq edilməsinə çağırılır.
Maqnitski Aktı Rusiyada insan haqları pozuntularına yol vermis şəxsləri hədəf almaq məqsədilə qəbul edilsə də, sonradan bütün dünyada pozuntularla əlaqədar sanksiyaların tətbiq edilməsi üçün genişləndirilib.
Məktubu imzalayan ABŞ qanunvericiləri arasında respublikaçı senator Marko Rubio və Konqresdə hər iki partiyanın təmsil olunduğu Çin üzrə İcra Komissiyasının həmsədri olan respublikaçı konqresmen Kristofer Smitin də adları var.
Pekində Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq qanunvericilərin tələblərini rədd edib. O deyib ki, “qanunvericilər burunlarını başqa ölkələrinin işlərinə soxmaqdansa və özlərini insan haqları vəkilləri elan etməkdənsə öz işləri ilə məşğul olmalıdır”.
Çin etnik uyğurları ektremist əhval-ruhiyyədə ittiham edərək onların həbsləri və yenidən təhsillənmə düşərgələrinə salınması kampaniyasına 2017-ci ilin aprel ayında başlayıb.
Uyğur fəallar və insan haqları qruplarının bildirdiyinə görə, saxlanılanların sayı 120 mindən bir milyon nəfərə qədər ola bilər.
Pekin Şincan vilayətində hücumlar törədən və əsasən azlıqda olan müsəlman uyğurlar arasında əksəriyyətdə olan entik çinlilərə qarsı əhval-ruhiyyəni qızışdıran islamçı militantlar tərəfindən təhlükənin mövcud olduğunu bildirir.