ABŞ Myanmar ordusunun 4 generalını və 2 piyada diviziyasının (33 və 99 saylı) bütün şəxsi heyətini "Maqnitski Aktı" çərçivəsində sanksiya siyahısına salıb.
Səbəb həmin şəxslərin Arakan müsəlmanlarına (rohinca) qarşı kütləvi qətllərdə iştirakıdır. Onların ABŞ-a səfərləri, amerikalı fiziki-hüquqi şəxslərlə biznes qurmaları qadağan edilir və əgər varsa, mal varlıqları dondurulur.
Aydındır ki, bu qərar rohincalara xüsusi sevgidən irəli gəlmir, əsas səbəb Myanmarın qonşu Çinlə yaxınlaşması və Nobel mükafatı laureatı olan hökumət başçısının (Aung San Suu Kyi) Qərbin ümidlərini puç etməsidir.
Amma nə səbəblə olursa olsun - ölkələri hüquq pozuntuları baxımından vahid standartla deyil, selektiv yanaşma ilə qiymətləndirsələr də - bu tip qərarlar müsbət praktikadır. Qoy qatillər, hüquq tanımayan əzazillər bilsinlər ki, nə vaxtsa əməllərinə görə hansısa şəkildə cavab verə, ən azı müasir dünyadan təcrid oluna bilərlər.
ABŞ-dan əvvəl Avropa Birliyi də Myanmar hərbi rəhbərliyinə sanksiya tətbiq edib. Hansısa müsəlman dövləti analoji addım atdımı? Eşitməmişəm.
Şahin Cəfərli