ABŞ keşiş Bransonun azad edilməməsinə görə Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq etdi. Sanksiyalara əsasən, bu şəxslərin ABŞ daxil olmaqla, bir sıra ölkələrə girişi qadağan edildi.
Vaşinqtonun addımını kəskin şəkildə tənqid edən rəsmi Ankara ona qarşı tətbiq edilən sanksiyalara cavabsız qalmayacağını bəyan etdi.
Əslində, tərəflər arasında bu tip gərginlik ilk dəfə yaşanmır. Bundan öncə də Türkiyə ilə ABŞ arasında böyük qalmaqala səbəb olan insidentlər yaşanıb və onlar müxtəlif vasitələrlə həll edilib.
Axar.az Türkiyə ilə ABŞ arasında yaşanan ən böyük dörd böhranı təqdim edir:
Consonun məktubu
ABŞ-ın 36-cı prezidenti Lindon Conson 5 iyun 1964-cü ildə Türkiyənin Baş naziri İsmət İnönüyə məktub göndərir. Məktubunda Conson Türkiyənin Kiprə hərbi müdaxilə edəcəyindən xəbərdar olduğunu və bundan narahat olduğunu yazır. Məktubda İnönünü təhdid edən Conson “SSRİ ilə üz-üzə qalsanız, yanınızda biz olmayacağıq” sözlərindən istifadə edir.
İnönü Consona çox sərt bir cavab yollayır. O, məktubunda “SSRİ ilə üz-üzə qalsaq, yeni dünya qurulacaq. Türkiyə də o dünyada öz yerini alacaq” cavabını verir.
Kipr böhranı – Silah embarqosu
1 iyul 1974-cü ildə xaşxaş əkinini dayandırmadığı üçün ABŞ Türkiyəyə embarqo tətbiq edir. Bundan sonrakı dönəmdə isə Kiprə edilən hücum da ABŞ hökumətinin embarqo səbəbləri sırasında yer alır. ABŞ Türkiyənin Şimali Kiprdən ordusunu çıxarmasını tələb edir. Türkiyə isə ABŞ-ın tələblərini icra etməyərək, əməliyyatlarını davam etdirir. Lakin silah embarqosu çox davam etmir. 1978-ci ildə ABŞ Konqresinin qərarı ilə embarqo ləğv edilir. Qərar 1978-ci ildə ləğv edilməyinə rəğmən, Türkiyəyə edilən yardımlar yalnız 1980-ci ildə embarqodan əvvəlki səviyyəyə çatır.
Məhz bu embarqo sayəsində Türkiyə sonradan öz silah ehtiyacını qarşılamaq üçün “Aselsan” və “Roketsan” kimi şirkətlərini yaratmaq qərarını verir.
Çuval olayı
ABŞ-ın 11 Sentyabr teraktından sonra İraqa hərbi müdaxilə etmək istəməsi Türkiyədə böyük etirazlara səbəb olur. Belə ki, ABŞ İraqın işğalı üçün Türkiyə ordusunun yardımından və Türkiyə dövlətinin ərazisindən istifadə etməyə çalışır. 2003-cü ilin fevralın 25-də Türkiyə parlamentinə “Türkiyə ordusunun xarici ölkələrə göndərilməsi və xarici orduların Türkiyədə özlərinə yer etməsi barədə hökumətə səlahiyyət verilməsinə dair” qanun layihəsi təqdim edilir. Qanun layihəsi parlamentdəki müxalifətin və hakim partiyasının bir sıra üzvlərinin kəskin mövqeyi nəticəsində qəbul edilmir. Türkiyənin bu qərarı ABŞ-ın İraqdakı vəziyyətini çətinləşdirir.
Sonradan 4 iyul 2003-cü ildə İraqın Süleymaniyyə şəhərində Türkiyə xüsusi təyinatlılarının zabitlərinin qərargahına ABŞ tərəfindən hücum təşkil edilir. Saxlanılan əsgərlərin başlarına çuval keçirilir. ABŞ-ın bu addımı Türkiyənin kəskin etirazına səbəb olur. ABŞ rəhbərliyi insidentdən dərhal sonra Türkiyə rəsmilərinə zəng edərək onlardan üzr istəyir. Bununla bərabər, ABŞ Türkiyəyə bir sıra layihələrdə güzəştə gedir.
Türkiyədə hələ də bir sıra qüvvələr çuval olayının 1 mart qanun layihəsinin qəbul edilməməsinə görə ABŞ tərəfindən qəsdən təşkil edildiyini düşünür.
Ən maraqlı məqam 1 mart qanun layihəsini Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın dəstəkləməsi idi. 2016-cı ildə çıxış edən Ərdoğan bu qanun layihəsinin qəbul edilməməsi sayəsində Türkiyənin böyük fürsəti əldən verdiyini və buna görə İraqın taleyinin müəyyən edilməsindən kənarda qaldığını demişdi.
Viza böhranı
Tərəflər arasında daha bir böhran 2017-ci ilin oktyabrında yaşanır. Belə ki, ABŞ diplomatlarının təhlükəsizliyinə dair Ankaranın lazımi tədbirlər görməməsini əsas göstərən Vaşinqton Türkiyə vətəndaşlarına viza verilişini dayandırır. Böhrana səbəb olan başqa bir amil isə ABŞ səfirliyinin əməkdaşı Mətin Topuzun Gülən işi ilə əlaqədar həbs edilməsi olur.
Türkiyə isə ABŞ-a cavab olaraq bu ölkənin vətəndaşlarına viza verilişini dayandırır, daha sonra isə ABŞ-a Türkiyə ilə münasibətləri bir şəxsə qurban verməməklə bağlı çağırış edilir.
Keçən ilin dekabrında viza böhranı tam aradan qaldırılır.