Prezident Recep Tayyip Erdoğan Türk lirəsinin dəyərdən düşməsilə bağlı "iqtisadi müharibəyə" qarşı vuruşacağını bəyan edərkən ABŞ Türkiyədən idxal edilən polada tariflərin qaldırılacağını bildirib.
Ağ Ev müvafiq qərarın avqustun 13-dən qüvvəyə minəcəyini elan edir.
Cümə günü Türkiyən maliyyə naziri Berat Albayrak, iqtisadiyyatın inkişafına yönələn planları elan edib. Elə həmin gün ABŞ prezidenti Türkiyəyə qarşı yeni tədbirlər barədə bəyanatla çıxış edib.
"Onların valyutası, Türk lirəsi bizim çox güclü ABŞ dollarına nisbətdə sürətlə aşağı enərkən, mən polad və alüminium tariflərinin ikiqat artırılmasına dair qərar verdim", Donald Trump öz tvitində bildirib.
"Alüminium 20% polad isə 50% olacaq. Hazırda bizim Türkiyə ilə əlaqələrimiz yaxşı deyil!"
Bundan sonra ABŞ administrasiyası Türkiyədən ixrac edilən polada tariflərin artırılması barədə qərarın avqustun 13-də qüvvəyə minəcəyini elan edib. Lakin Ağ Evin rəsmi saytında yerləşdirilən xəbərdə yalnız polada dair tariflər qeyd olunur və alüminium barədə məlumat yoxdu.
Türkiyənin ümumi ixracatı 157 mlrd. dollara yaxındır və ötən il onun 7,3 faizi poladın payına düşür. Türkiyə poladının əsas bazarı ABŞ-dır, AA agentliyi bildirir.
Lirənin rekord enişi
Dəyərinin təqribən 12 faizini itirdikdən sonra ABŞ dollarına nisbətdə 6,30 səviyyəsinə enən türk lirəsi öz tarixi rekordunu yeniləyib. Lirə avroya nisbətdə də 8 faiz ucuzlaşıb.
Cümə axşamı günü baş vermiş kəskin enişdən sonra lirənin dəyəri artıb və hazırda məzənnə 5,96 ətrafında qalmaqdadır.
İlin əvvəlindən bəri Türkiyənin milli valyutası dəyərinin yarısından çoxunu itirib.
Financial Times qəzetinə əsasən, lirənin ucuzlaşması ilə bağlı vəziyyət Avropanın Mərkəzi Bankı tərəfindən (ECB) diqqətlə izlənilir.
ECB hazırkı vəziyyəti kritik hesab etməsə də, Türkiyədə əhəmiyyətli əməliyyatlar aparan bir neçə Avropa bankına mümkün mənfi fəsadlardan narahatdır, biznes dairələrinin nüfuzlu nəşri bildirir.
Türkiyə prezidenti lirənin məzənnəsilə bağlı nikbin olduğunu deyib.
"Müxtəlif kampaniyalar aparılır. Bu kampaniyaları dinləməyin. Onların dollarları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var. Heç narahat olmayın. Biz çox çalışacağıq və 2023-cü ilə fərqli girəcəyik", - Recep Tayyip Erdoğan bildirir.
Lirəyə etibarı sarsıdan amillərdən biri də Türkiyənin ABŞ-la gərgin münasibətləridir.
Ankara ölkədə həbs edilmiş amerikalı yevangelist pastoru azad etmək barədə ABŞ çağırışlarına müsbət cavab verməyib.
Türkiyə isə dövlət çevrilişi cəhdinin təşkilində ittiham etdiyi vaiz Fethüllah Gülenin ABŞ-dan esktradisiyasına nail ola bilmir.
Ölkələrin Süriya böhranı və Rusiya ilə hərbi əməkdaşlığa dair ziddiyyətli yanaşmaları gərginliyin daha bir mənbəyidir.