Ermənistanın keçmiş prezidenti Serj Sarkisianın qardaşı, xüsusi tapşırıqlar üzrə səfir Levon Sarkisian, onun oğlu Narek və qızı Ani qanunsuz zənginləşməkdə və vergidən yayınmada şübhəli bilinirlər.
Bu barədə Ermənistan Xüsisi İstintaq Xidmətinin (XİX) mətbuat xidmətinin məlumatında deyilir.
İyunun 29-da XİX bəyannaməyə şamil edilən əmlakın gizlədilməsi və qanunsuz zənginləşmə faktı ilə bağlı Ermənistan Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsində qaldırılmış işi icraata qəbul edib.
İş materiallarına görə, L.Sarkisian, onun oğlu və qızı cinayət əməlinin törədilməsində şübhəli bilinirlər.
Belə ki, N.Sarkisianın mənzilində Ermənistan banklarının birində $6,8 milyonun olmasına dair sənədlər aşkar edilərək götürülüb.
İstintaq zamanı müəyyən edilib ki, L.Sarkisian və onun qızı həmin vəsaiti bəyan etməyiblər və həmin pulların mənşəyilə bağlı açıqlama verməyiblər.