Rusiyanın 2016-cı ABŞ prezident seçkisinə müdaxiləsi iddialarını araşdıran aparıcı Senat komitəsi ölkənin kəşfiyyat agentliklərinin qiymətləndirməsini qəbul edərək bildirib ki, Rusiyanın təbliğat səyləri əvvəllər məlumat verildiyindən daha böyük olub.
Senat Kəşfiyyat Komitəsinin iyulun 3-də açıqladığı hesabat komitənin həm respublikaçı, həm də demokrat liderləri tərəfindən qəbul edilib. Bu, gələn həftə Rusiya lideri Vladimir Putinlə görüşə hazırlaşan prezident Donald Trump üçün xoşagəlməz hadisə olub.
Trump bundan əvvəl dəfələrlə ABŞ kəşfiyyatının 2017-ci ilin yanvarında açıqlanmış hesabatını şübhə altına alıb.
Həmin hesabatda deyilirdi ki, Rusiya prezidenti Vladimir Putin ABŞ seçicilərini təsirləndirmək məqsədilə aparılan hakerlik və təbliğat kampaniyasına şəxsən göstəriş verib.
MKİ, FTB və Milli Təhlükəsizlik Agentliyinin birgə hesabatında Kremlin Trump-a və ya onun demokrat rəqibi Hillary Clinton-a aşkar üstünlük verməsi barədə iddia irəli sürülmür. Lakin ABŞ rəsmiləri sonradan bildiriblər ki, Moskva əslində Trump-a dəstək verməyə çalışıb.
Senat komitəsinin hesabatında bildirilir ki, Rusiya təbliğatı Clinton-u gözdən salmağa yönəlmişdi.
Rusiya ABŞ-ın iddialarını dəfələrlə və qətiyyətlə rədd edib.
Komitənin hesabatında qeyd olunur ki, 2017-ci ilin kəşfiyyat hesabatında Sankt Peterburqda yerləşən İnternet Araşdrımaları Mərkəzinin sosial mediada saxta profillər yaratması və onlardan istifadə ilə ABŞ-da çaşqınlıq və təfriqə salmaq cəhdləri etdiyi göstərilib.
Lakin hesabatda deyilir ki, Rusiyanın sosial median manipulyasiya etmək cəhdləri əvvəllər düşünüldüyündən daha geniş olub.