Rəsmi nəticələr Pakistanda müxalifət lideri Imran Khan-ın seçkini qazandığını göstərir. Onun Tehrik-e Insaf (PTI) partiyasının parlamentdəki 269 yerdən 109-nu əldə etdiyi bildirilir. Amma o, koalisiya hökuməti qurmaqdan ötrü müttəfiq axtarmalı olacaq.
“The Associated Press” agentliyinin iyulun 27-də seçki rəsmilərinə istinadla bildirməsinə görə, həbsdə olan keçmiş baş nazir Nawaz Sharif-in hakim Pakistan Müsəlman Liqası- Nawaz (PML-N) 63 yerə yiyələnib.
Üçüncü yerdə isə 39 yerlə Pakistan Xalq Partiyası gəlir. 20 yer üzrə səssayma hələ davam edir.
“Frans Pres” bildirir ki, seçki məntəqələrinin 95 faizi üzrə bülletenlər sayılıb və Khan-ın partiyası öndə gedir.
Khan-ın məclisdə çoxluqdan ötrü gərəkən 137 yeri qazana bilməyəcəyi görünür. Ancaq göstərdiyi nəticələrə istinadən demək olar ki, kiçik koalisiya tərəfdaşları ilə hökumət yaratmaqda problemi olmayacaq.