24 İyul 2018
Mətni dəyiş
Ötən il irimiqyaslı kənd təsərrüfatı və mədən layihələrinə qarşı çıxdığına görə 200-dən artıq ətraf mühit fəalı öldürülüb. İyulun 24-də yayılmış hesabatda belə deyilir.
Britaniyada mənzillənən “Global Witness” təşkilatı hesabatında 22 ölkədən 207 halı işıqlandırıb. Fəallar çox vaxt torpağın işlənməsinə qarşı çıxdıqları üçün öldürülüblər. Söhbət kofe və palma yağı kimi kütləvi istehlak məhsullarının istehsalı üçün işlənmədən gedir.
Qurum uyğun statistikanı 2001-ci ildən toplayır və ən çox fəalın ötən il öldürüldüyünü bildirir.
“Global Witness” deyir ki, 53 ölüm halına görə hökumətin təhlükəsizlik qüvvələrinin məsuliyyət daşımasına dəlil aşkarlayıb.
“Adamlar hüquqlarının müdafiəsinə qalxanda, ətraf mühitinin qorunmasını tələb edəndə ən qəddar yolla susdurulurlar”, – qurumun aparıcı təmsilçisi Ben Leather deyib.
Braziliya 2017-ci ildə torpaq fəalları üçün ən təhlükəli ölkə olub, 57 nəfər öldürülüb. Filippində isə 48 fəalın öldürüldüyü bildirilir.