Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qərarların icrası və görülən işlər barədə məlumat verib.
Divan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən “Bastainfo.com” saytına qarşı əsassız olaraq qaldırılmış cinayət işi əsasında saytın baş redaktoru Mustafa Hacıbəylinin və əməkdaşlarının Bakı şəhər Prokurorluğunda şahid qismində istintaqa cəlb edilməsini müzakirə edib və bunu söz və ifadə azadlığına qarşı növbəti təhdid kimi qiymətləndirib. Müsavat Partiyası hakimiyyətdən “Bastainfo.com” saytına qarşı təzyiqlərə son qoyulmasını tələb edib.
İclasda Müsavat Partiyasının Cəlilabad rayon təşkilatının fəal üzvü Vüqar Rzalıya inzibati qaydada 20 sutka həbs verilməsi müzakirə edilib və bunu insanların fundamental hüquqlarının pozulması kimi qiymətləndirərək, Vüqar Rzalının dərhal azad olunması tələb edilib.
Divanda iyulun 10-da Gəncədə baş vermiş hadisələr geniş müzakirə olunub. Gəncə şəhərində baş verənlər ölkədə real yerli özünüidarə sisteminin olmaması, idarəetmə sahəsində olan ciddi qüsurların nəticəsi kimi qiymətləndirilib.
Divanda həmçinin dünyada və regionda baş verən hadisələr müzakirə olunub. Sonda cari məsələlərə baxılıb.