Bu gün – iyulun 19-da İsrail parlamenti ölkəni “yəhudi xalqının milli dövləti” kimi xarakterizə edən yeni qanunu qəbul edib. “Frans Pres” agentliyinin yazmasına görə, 62-55 səs fərqiylə qəbul olunmuş qanunvericilik ivrit dilini ölkənin milli dili elan edir. Daha öncə ərəb dili də bu statusa malik idi. Qanunda bildirilir ki, “İsraildəki yəhudi yaşayış məntəqələri milli maraqlara uyğundur”.
İsraillilər ziddiyyətli qanuna etiraz aksiyasında “Bu ev bizə məxsusdur” plakatını qaldırıblar.
Ölkənin ərəb azlığının fikrincə, qanun irqçi xarakter daşıyır. “Milli dövlət” qanununun qəbulundan sonra bəzi ərəb parlamentarilər qışqıraraq kağızları cırıblar.
“Bu, sionizm salnaməsində və İsrail dövlətinin tarixində həlledici məqamdır”, – baş nazir Benjamin Netanyahu səsvermədən sonra Knessetdə deyib.
Qanun İsrail dövlətinin yaranışının 70-ci ildönümündən sonra qüvvəyə minib.
Qanunda ərəb dili “xüsusi status”lu elan edilir, yəni statusu əslində, endirilir, amma bu status ondan dövlət qurumlarında istifadənin qalmasına imkan verir.
İsraildə 1,8 milyon ərəb yaşayır. Bu, 9 milyonluq əhalinin 20 faizi deməkdir.
Qanun layihəsi hazırlanma mərhələsində də ölkədən və kənardan tənqidlərə səbəb olmuşdu, bunu İsrailin ərəb vətəndaşlarına ayrıseçkilik kimi dəyərləndirirdilər.
Son anda layihədən bəzi xeyli mübahisəli müddəalar çıxarılıb, İsrail prezidenti və baş prokuroru həmin maddələrə qarşı çıxırdı. Məsələn, yalnız yəhudi icmalarının yaradılması nəzərdə tutulurdu, yaxud məhkəmələrə göstəriş verilirdi ki, uyğun hüquqi presedent olmayanda yəhudi qanununa uyğun qərar çıxarsınlar.
Əvəzində, daha qarışıq versiya təsdiqlənib: “Dövlət yəhudilərin məskunlaşmasını milli dəyər hesab edir və onun qurulmasının həvəsləndirilməsi və təbliğindən ötrü çalışacaq”.
DEMOKRATİYANIN ÖLÜMÜ
Tənqidçilərin fikrincə, bu qanunvericilik ərəb azlığı arasında soyuma yaradacaq. “Sarsıntı və kədərlə demokratiyanın öldüyünü elan edirəm”, – Ahmed Tibi adlı ərəb deputat deyib.
Netanyahu isə qanunu müdafiə edib. “İsrail demokratiyasında vətəndaş hüquqlarının təminatını davam etdirəcəyik, amma çoxluğun hüquqları var və çoxluq qərar verir”, – o, ötən həftə deyirdi.
İsrailin ərəb əhalisi əsasən fələstinlilərin törəmələrindən ibarətdir. Onlar 1948-ci il ərəb-yəhudi müharibəsi zamanı öz torpaqlarında qalıblar. Müharibə müasir İsrail dövlətinin yaranmasıyla sonuclanıb.
Yüzminlərlə adam isə evini tərk etməli olub. Qalanların qanunla bərabər hüquqları olsa da, onlar ayrıseçkilikdən şikayətlənirlər, təhsil, səhiyyə, mənzillə təminat sahəsində ədalətsiz bölgünün olduğunu iddia edirlər.
İsrailin şimalındakı Ma’alot-Tarşihanın ərəb sakinləri yeni qanunu qəzəblə qarsalayıblar.
“Məncə, bu, radikal sağqanad hökumətinin irqçi qanunvericiliyidir, radikal qanunlar yaradır, aparteid dövlətin toxumlarını səpirlər”, – 71 yaşlı həkim Bassam Bisharah deyib.
İsraildə Ərəb Azlığı üçün Hüquq Mərkəzi olan Adalah qanunu “irqçi siyasətin təbliği ilə etnik üstünlüyü” irəlilətmək cəhdi adlandrıb.