İran rəsmilərindən biri deyib ki, qarşıdan gələn ABŞ sanksiyalarına baxmayaraq Tehran mümkün olduğu qədər çox neft satmağa çalışacaq.
Vise-prezident Eshaq Jahangiri iyulun 10-da deyib ki, Vaşinqton İranın neft-kimya və polad sənayesini, mis ixracatını dayandırmaq və ölkənin dəniz limanlarının işini pozmaq istəyir:
"Biz amerikalıları başa salmağa çalışacağıq ki, onlar İranın neft ixracatını dayandıra bilməyəcəklər”.
Neft ixracatı, OPEC üzvü olan İranın yeganə xarici valyuta gəliri mənbəyidir.
Ötən may ayında ABŞ prezidenti Donald Trump bəyan edib ki, Vaşinqton 2015-ci il nüvə sazişini tərk edir. Bu isə o deməkdir ki, İran üzərinə ABŞ sanksiyaları noyabrın 4-də bərpa olunacaq.
Üstəlik ABŞ rəsmiləri başqa ölkələrə noyabrın 4-dən sonra İrandan neft almamaları üçün xəbərdarlıq edirlər.
Bununla yanaşı ABŞ dövlət katibi Mike Pompeo deyib ki, Vaşinqton İrandan neft alınması üçün bəzi ölkələrə sanksiyalardan güzəşt verə bilər.
Pompeo bu bəyanatda konkret ölkə adı çəkməyib.
Avropa ölkələri, habelə Rusiya və Çin 2015-ci il nüvə sazişinə sadiq qaldıqlarını bildiriblər.