NATO-nun baş katibi Jens Stoltenberg Gürcüstanın şimal alyansına qoşulmaq niyyətini dəstəkləyərək deyib ki, Gürcüstan NATO-ya qoşulmaq qərarını özü qəbul etməlidir.
O əlavə edib ki, Rusiyanın bu məsələdə Tbilisi üzərinə təzyiq göstərməsi “tamamilə qeyri-məqbuldur”.
Stoltenberg iyulun 18-də Gürcüstanın yeni baş naziri Mamuka Bakhtadze ilə birgə mətbuat konfransında deyib: “Rusiyanın öz qonşularının nə etməli olduğuna qərar vermək haqqı yoxdur”.
“Gürcüstan suveren və müstəqil ölkədir və NATO-ya qoşulmaq da daxil, öz yolunu özünün müəyyən etməsinə haqqı var. Qonşunun qonşuya onun nəyi etməli olduğunu deməsi tamamilə yolverilməzdir, çünki belə bir hal böyük güclərin kiçik qonşuların nəyi edib, nəyi etməməsinə təsir göstərməsi kimi köhnə nüfuz dairələri prinsipinin bərpasına cəhddir”.
Bakhtadze deyib ki, “Gürcüstanın NATO-ya üzvlüyü heç kimə qarşı yönəlməyib və bu, regionu daha güclü, daha proqnozlaşdırılan, daha təhlükəsiz edir”.
[caption id="attachment_36266" align="aligncenter" width="1023"] Giorgi Margvelashvili[/caption]Bundan əvvəl xəbər verilirdi ki, Gürcüstan prezidenti Giorgi Margvelashvili ölkəsinin NATO-ya mümkün üzvlüyü ilə bağlı rusiyalı həmkarının dediklərinə mənfi reaksiya verib. Rusiya prezidenti Vladimir Putin Fox News-a müsahibəsində deyib ki, Gürcüstanla Ukraynanın NATO-ya mümkün üzvlüyü “Rusiyanın təhlükəsizliyinə birbaşa hədədir”.
“Təəssüf ki, bunu çoxdan eşidirik. Bu, məndən ötrü qətiyyən xoş deyil, amma Rusiya prezidentinin oxşar mövqeyi də yenilik deyil”, – Margvelashvili iyulun 17-də jurnalistlərə deyib.
Gürcüstan prezidenti bir daha qeyd edib ki, ölkəsi “NATO-ya üzv olmaq seçimini dəyişməyəcək”. O, son Brüssel sammitində alyansın Gürcüstana güclü dəstək sərgilədiyini vurğulayıb. Margvelashvili deyib ki, “alyansın 29 üzvü Rusiyanı Gürcüstan ərazisindən hərbi hissələrini çıxarmağa çağırmaqla ona konkret mesaj göndəriblər”.