Bu gecə Bakı şəhəri Cəlil Məmmədquluzadə küçəsində yolun çöküb. Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin məlumata görə, yolun hərəkət hissəsində qeydə alınan çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ilkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir: "Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır. Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək".
İqtisadçı Natiq Cəfərli AzadliqRadiosuna deyib ki, Azərbaycanda yolların çəkilməsi, ümumiyyətlə, infrastruktur layihələri, təmir-tikinti işləri korrupsiya mənbəyi sayılır və bunlar artıq şübhə də doğurmur.
“İctimai rəydə də deyilir ki, bunlar korrupsiyaya yol açan əməllərdir. Hər hansı layihədə korrupsiya amili varsa, o zaman keyfiyyət də aşağı düşür. Çünki keyfiyyəti aşağı salmadan büdcədən ayrılan vəsaitin böyük qismini mənimsəmək mümkün deyil. Beləliklə, korrupsiyaya yol açılanda sonradan bu problemlərə və fəsadlara yol açır. Bunu Bakı-Quba, Bakı-Sumqayıt beton yolunda da gördük, 30 illiyə tikilən yol, 10 il dayanıqlı olmadı. Hazırda həmin yolun alternativini çəkmək haqda düşünürlər”,- iqtisadçı söyləyib.