İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı «Qətiyyətli dəstək» missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.
Azərbaycanı bu toplantıda müdafiə naziri Zakir Həsənov təmsil edəcək.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Toplantıda NATO-nun Əfqanıstandakı «Qətiyyətli dəstək» missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
NATO-nun «Qətiyyətli dəstək» missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.
Azərbaycanın 2018-ci ilə kimi Əfqanıstandakı hərbçilərinin sayı 94 nəfər olub. 2018-ci ildən bu say 120 nəfərə qədər yüksəldilib. Əfqanıstanda Azərbaycan hərbçilərinin sayının artacağı barədə dövlət başçısı İ.Əliyev hələ 2017-ci il noyabrın 23-də Brüsseldə NATO-nun toplantısında bəyanat vermişdi. Bununla bağlı Milli Məclis 2017-ci il dekabrın 29-da mövcud qərarda da dəyişiklik edib.