Tehranı yeni etiraz dalğası bürüyüb

Tehranı yeni etiraz dalğası bürüyüb
26 İyun 2018
Mətni dəyiş

İyunun 25-də Tehran polisi tarixi Böyük bazardan İran parlamenti üzərinə yürüş edən izdihama qarşı gözyaşardıcı qazlardan istifadə edib.

Nümayişçilər ölkədəki bərbad iqtisadi şəraitə etiraz edirdilər.

Böyük bazardakı kortəbii etiraz aksiyası iyunun 25-də səhər valyutadəyişmə məntəqələrində milli valyuta rial 10 faiz ucuzlaşandan sonra başlanıb.

AzadlıqRadiosunun əldə etdiyi videoda yüzlərlə qəzəbli etirazçının Böyük bazar və onun ətrafında nümayiş keçirdiyi görünür. Onların bu etirazı bazardakı alverçilərin öz piştaxtalarını bağlaması ilə nəticələnib.

Etirazçılar dükan və piştaxtalarını bağlamayanları “qorxaqlar” tənəsi ilə qınayırdılar.

Bundan bir gün əvvəl etirazçılar Tehranda iki mobil telefon və elektronika satan mərkəzi bağlanmağa məcbir etmişdilər.

Etiraz aksiyalarına kimin liderlik etdiyi hələlik bəlli deyil. Yarırəsmi Fars xəbər agentliyi Böyük bazardakı etirazların resessiyaya, valyutadəyişmə məzənnələrinin qeyri-sabitliyinə və qalxan qiymətlərə qarşı yönəldiyini bildirib.

Lakin AzadlıqRadiosunun əldə etdiyi videolarda bazardakı etirazçıların “Suriyanı tərk et, bizi düşün” və “düşmənimiz Amerikada yox, buradadır” kimi şüarların səsləndiyi eşidilir.

AzadlıqRadiosunun Fars xidməti Fərda xəbər verir ki, etirazlar bazarın geyimlər satılan hissəsində başlanıb.

Bu arada İran Mərkəzi Bankının sədri Vəlliollah Seyf iyunun 25-də rialın sürətlə ucuzlaşması barədə deyib ki, hökumət ikinci xarici valyuta bazarı təşkil etməyə hazırlaşır. Bundan məqsəd qara bazarın valyuta məzənnəsinə təsirinin neytrallaşdırılmasıdır.

Prezident Həsən Ruhani və İqtisadiyyat Nazirliyinin rəsmiləri ilə görüşdən sonra Seyf deyib ki, paralel bazar ABŞ dollarının müxtəlif məzənnələri üzrə işləyəcək.

O bildirib ki, tibbi ləvazimatlar da daxil mühüm idxal məhsulları üçün 1 dollar – 42 min rial məzənnəsi müəyyən edilib. Qeyri-mühüm malların idxal məzənnləri barədə alıcı və satıcıların özləri razılığa gəlməlidirlər.

Prezident Ruhaninin administrasiyasına yaxınlığı ilə tanınan İran Tələbələri Xəbər Agentliyi - İSNA iyunun 25-də bildirib ki, tezliklə 60 min-65 min rialın 1 dollara bərabər olduğu elan ediləcək.

Təsnim xəbər agentliyi İran Gildiyalar Palatasının sədri Əli Fazeliyə istinadən bildirir ki, bazardakı gərginlik səngiyib və etirazçıların tələbləri palata vasitəsilə hökumətə çatdırılıb.

Bundan az əvvəl etirazçılar İran Milli Məclisinin qarşısında “Qorxmayın, biz birlikdəyik!” şüarı ilə nümayiş keçirirdilər.

Buna bənzər etirazlar 2017-ci ildə sürətlə ölkənin 75 şəhər və qəsəbəsinə yayılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun