Həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarları kimi tanınan Möhtəbər Babayev azadlığa çıxıb.
Bu haqda onun ailəsindən məlumat veriblər.
M.Babayevin həbs müddəti başa çatdığından azad edilib. Yaxınlarının bildirdiyinə görə, Xələcdəki 5 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan M.Babayev iyunun 2-də sərbəst buraxılıb.
İlahiyyatçı T.Bağırovun tərəfdarlarından sayılan M.Babayev Nardaran hadisələriylə əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlamaq) maddəsi ilə ittiham olunmuşdu.
2016-cı ildə Sabirabad Rayon Məhkəməsinin hökmü ilə M.Babayev 2 il 6 ay azadlıqdan məhrum edilmişdi.
Rəsmi ittihama görə, M.Babayev T.Bağırovun dəvəti ilə Nardarana gedib, orada iğtişaş törədib. Hadisələrdən sonra isə «Müsəlman Birliyi» Hərəkatının üzvü olan M.Babayevin özü ilə «Kalaşnikov» avtomatı və patronlar götürərək, Sabirabada qayıtdığı iddia olunurdu.
İttihama görə, o, rayonda silahı yaşadığı Xankeçən kəndində evlərinin yaxınlığında gizlədib. Sabirabad polisinin keçirdiyi xüsusi əməliyyat-axtarış nəticəsində M.Babayevin həbs edildiyi və silah sursatın aşkarlandığı vurğulanırdı.
M.Babayev məhkəməsində rəsmi ittihamı təkzib etmiş, saxlandıqdan sonra işgəncəyə məruz qaldığını, zorlanma ilə hədələndiyini açıqlamışdı.
Ancaq Nardaran hadisələri ilə bağlı keçirilən məhkəmədə şahid kimi ifadə verən Daxili İşlər Nazirliyinin əməkdaşları işgəncə ilə bağlı şikayətləri təkzib ediblər.