Neftin qiyməti son bir ayda ən aşağı həddə enib

Neftin qiyməti son bir ayda ən aşağı həddə enib
2 İyun 2018
Mətni dəyiş

Bloomberg xəbər verir ki, neftin qiyməti son bir aydan da çox müddətdə ən aşağı həddə enib.

Buna səbəb ABŞ-da hasilatın artması və OPEC və Rusiyanın hasilat ixtisarını yuşmaldacağını göstərən əlamətlərin yaranmasıdır.

Bloomberg yazır ki, Amerikada neft hasilatı misli görünməmiş səviyyədə artıb. Bu arada Səudiyyə Ərəbistanı və Rusiya bazara daha çox neft buraxacaqlarına dair işarələr veriblər.

Səudiyyə Ərəbistanı və Rusiya ötən həftə hasilatın artırılması məsələsinə baxdıqlarını bildiriblər, lakin başqa neft ölkələrinin də bu meylə qoşulub-qoşulmayacağı hələlik bəlli deyil.

Rusiyanın ən böyük neft şirkəti Rosneft bildirib ki, OPEC-lə imzalanmış razılaşmaya əsasən ixtisar etdiyi həcmləri bərpa etmək niyyətindədir.

Bu arada birjalarda neftin proqnoz qiymətləri aşağı düşüb. Brent markasından olan neftin avqust ayı üçün qiyməti 77 sent azalaraq bir barrel üçün 76.79 dollar olub.

ABŞ-ın Enerji İnformasiyası Administrasiyası mayın 31-də bəyan edib ki, Amerika neftinin hasilatı yeni rekord səviyyədə artıb.

Bu həftə ABŞ-da yeni quyuların sayı da yüksəlib.

Bu həftə ərzində ABŞ neftinin qiyməti bir barrel üçün 72 dollardan 67 dollara enib. Brent nefti isə 6 dollar ucuzlaşsa da, satışın sonuna yaxın bir barrel üçün 78 dollara yüksəlib.

Bir çox ekspertlər neft qiymətlərinin enməsini müvəqqəti hal hesab edirlər. Brent markasından olan neftin daha az ucuzlaşmasına Səudiyyə Ərəbistanının bəyanatı kömək edib.

Riyad bildirib ki, neft hasilatını tədricən artırmağı planlaşdırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun