Göyçay çayı üzərində yerləşən körpünün uçmasına görə 7 sahibkarın həbs edildiyi bildirilir.
Bu barədə Baş Prokurorluğun ekologiya və təbii sərvətlər, daxili işlər və fövqəladə hallar nazrilikləri ilə birgə açıqlamasında yazılır.
Birgə açıqlamada bildirilir ki, iyunun 2-də Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçub. Uçma nəticəsində dövlətə 3 milyon manatdan artıq ziyan dəydiyi iddia olunur.
Rəsmi qurumlar bildirir ki, körpünün uçması ilə əlaqədar olaraq, ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb. Qeyd edilir ki, karxanalardan 14-ünün fəaliyyəti qanunsuz olub,41 karxana isə Nazirlər Kabinetinin qərarına zidd olaraq fəaliyyətini davam etdirib. Nəticədə dövlətə 16 milyon manatdan çox ziyan vurulduğunun müəyyən edildiyi iddia edilir.
Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işinin açıldığı bildirilir.
Həmin cinayət işi çərçivəsində 7 nəfərin həbs edildiyi qeyd olunur. Onlar “ATF” MMC-nin təsisçisi, rəhbəri Fəxrəddin Muradov, “Azpod” MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, “Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev və “Titanik-5” MMC-nin təsisçisi, rəhbəri Şahin Məmmədovdur. Bundan başqa fiziki şəxslər Natiq Zakirov, Nazim Qasımov və Nəriman Yəhyayevin də təqsirləndirilən şəxs qismində cəlb edildiyi, barələrində həbs qətimkan tədbiri seçildiyi vurğulanır.
Daha 2 sahibkar barəsində isə polis nəzarətinə vermə tədbirinin seçildiyi qeyd edilir.
Sözü gedən sahibkarların özlərinin və ya vəkillərinin bu rəsmi açıqlamaya, hələlik, münasibətlərini öyrənmək mümkün olmayıb.Onların ittihamlarla razılaşıb-razılaşmadıqları açıqlanmır.