Daha bir vəkilin fəaliyyətinə xitam verilib.
Bu barədə iyunun 11-də axşam saatlarında Vəkillər Kollegiyası məlumat yayıb.
«Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir vəkilə töhmət verilmiş, bir vəkilin Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunmuş, üç vəkilə irad tutulmuşdur», – Kollegiyanın məlumatı belədir.
Fəaliyyətinə xitam verilməsi qərara alınan vəkilin kimliyi məsələsinə Vəkillər Kollegiyası aydınlıq gətirməyib.
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, fəaliyyəti dayandırılan vəkil İradə Cavadovadır. Onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hüquqlarını müdafiə etdiyi şəxsin təzyiqlərə məruz qalması barədə daxil işlər naziri Ramil Usubova ünvanladığı açıq məktubla əlaqədar şikayət əsasında cəzalandırıldığı bildirilir.
İ.Cavadova AzadlıqRadiosuna xəbəri nə təsdiq, nə də təkzib edib: «Vəkillər Kollegiyasından mənə çıxarılmağım haqda məlumat verilməyib. Sabah (iyunun 12-də-red.) dəqiqləşdirməyə çalışacam».
İ.Cavadova vəkillərin 2017-ci ilin dekabrında keçirilən son konfransına qədər Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü idi. O, noyabrın 20-də Rəyasət Heyətinin iclasında vəkil Yalçın İmanovun fəaliyyətinin dayandırılması məsələsi müzakirə olunanda toplantıda onu müdafiə edən yeganə şəxs olmuşdu. Bildirmişdi ki, hüquqlarını müdafiə etdiyi şəxs işgəncəyə məruz qalıbsa, vəkil buna susa bilməzdi. İşgəncə halını ictimailəşdirdiyinə görə vəkil cəzalandırılmamalıdır.
Daha sonra dekabrda vəkillərin konfransına Rəyasət Heyəti yenidən formalaşdırılanda quruma sədr və üzvlər seçkisində pozuntular haqda açıqlamalarıyla gündəmə gəlmişdi.
İ.Cavadova bir sıra ictimai-siyasi fəalların, o cümlədən «Nardaran məhbusları»nın da vəkili olub.
Son yeddi ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev də var. Y.İmanov istisna olmaqla, digərlərinə bir illik məhdudiyyət tətbiq olunub.
Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.
Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus şəxs saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir. Vəkillər Kollegiyası bu iddiaları rədd edir.