ABŞ prezidenti Donald Trump ABŞ nümayəndə heyətinə “Böyük yeddilər” ölkələrinin Kanada sammitində yekun sənədə imza atmamağı göstəriş verib.
Donald Trump özünün Tvitter səhifəsində yazır ki, Kanadanın baş naziri Justin Trudeau mətbuat konfransında ABŞ-ın tətbiq etdiyi tariflərin təhqiramiz olduğunu deyib, amma bu düzgün deyil. “Bizim tariflərimiz onun ABŞ-dan idxal edilən süd məhsullarına tətbiq etdiyi 270 faizlik tarifə cavabdır”, deyə Trump yazır.
Qeyd edək ki, Birləşmiş Ştatların bu günlərdə Kanada,Meksika və Avropa Birliyindən polad və alüminium idxalına yüksək tariflər tətbiq etməsi bu ölkələrin qəzəbinə səbəb olub.
Artıq Kanada ilə Meksika cavab tədbirləri də qəbul ediblər.
Beynəlxalq ticarətlə yanaşı Kanada sammitində ABŞ-la onun müttəfiqləri arasında iqlim dəyişikliyi məsələsində də fikir ayrılığı olub.
Bundan başqa sammit iştirakçıları, Donald Trump-ın Rusiyanı “Böyük yeddilər” ölkələri qrupuna qaytarmaq təklifini qəbul etməyiblər.
Bu qrupa, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Kanada, Yaponiya və Italiya daxildir.
Yekun sənəddə, vahid qaydalarla ticarət əməkdaşlığının, Rusiyaya qarşı sərt xəttin və İranın nüvə proqramının cilovlanmasının vacibliyi vurğulanır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump, sammiti yarımçıq təşkil edərək Sinqabura yollanıb. O, bunun səbəbinin, iyunun 12-də Şimali Koreya lideri Kim Jong un-la görüşə hazırlaşmaqla bağlı olduğunu deyib.