Azərbaycanda torpaq qanunvericiliyi pozulduğuna görə 147 süni göl ləğv edilib.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir.Məlumatda bildirilir ki, komitə ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlilini aparıb. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə ümumilikdə 529 balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb.
“Hazırda ölkədə 382 təbii və süni göl fəaliyyət göstərir. Bu göllərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən dövlət fondu qış otlaq sahələrində yaradılıb. Bunlardan 33-ü təbii, 349-u isə süni balıq gölləridir. Süni balıq göllərindən 14-ü meşə fondu torpaqlarında, 37-si su fondunda, 298-i isə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb”.
Komitə bildirir ki, təyinatına uyğun olmayan torpaq sahələrində mövcud olan 188 hal barədə inzibati protokol tərtib edilib, onların sahiblərinə 85 min manat cərimə yazılıb.
Habelə, qeyd edilir ki, 25 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsindən ötrü hüquq mühafizə orqanlarına göndərilib. Hazırda 45 gölün fəaliyyətinin araşdırmaları davam etdirilir.
Monitorinqlər zamanı balıq göllərinin əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında yaradıldığının məlum olduğu vurğulanır.
Süni göllərin ən çox Neftçala, Salyan, Biləsuvar, Sabirabad rayonlarında yaradılmasının aşkar edildiyi qeyd edilir.
Komitə bu tədbirlərin torpaq sahələrinin səmərəli istifadəsi məqsədi ilə aparıldığını bildirir.
Ancaq açıqlamada ləğv edilən gollərin dəqiq ünvanları göstərilmir. Məsələyə həmin göllərin sahiblərinin münasibətini, hələlik, əldə etmək mümkün olmayıb.