Venesuelanın Milli Seçki Şurası hazırki prezident Nikolas Maduronun bazar günü seçkilərdə 5,8 milyon (68%) səs topladığını və qalib olduğunu elan edib.
Onun əsas rəqibi, müxalifət təmsilçisi Henri Falkon 1,8 milyon səs qazanıb.
Seçki Şurası səsvermədə seçicilərin 46% iştirak etdiyini bildirsə də, “Reuters” seçki mənbəyinə istinadla seçicilərin cəmi 32% səsverməyə getdiyini bildirib.
H.Falkon seçkinin nəticələrini tanımayacağını bildirib, onu “qanunsuz” adlandırıb. Onun deməsinə görə, yüzlərlə şikayət alıb, hakim partiya üzvlərinin seçki məntəqələri yaxınlığında və içərisində şəxsiyyət vəsiqələrinin üzünü çıxardığı, Maduroya səs verənlərə rüşvət vəd edildiyi bildirilib.
H.Falkon seçki müşahidəçilərinin bəzilərinin məntəqələrə buraxılmadığını, bəzilərini əsgərlərin döydüyünü açıqlayıb.
Birləşmiş Ştatlar, Avropa Birliyi və 14 Latın Amerikası ölkəsi seçkini pisləyib. Tənqidçilər iddia edib ki, dövlət resurslarından istifadə, Maduronun iki əsas rəqibinə qadağa qoyulması, hakimiyyətə sadiq seçki şurası hazırkı prezidentə üstünlük qazandırıb.
55 yaşlı Maduro artıq ikinci müddətə bu posta seçilir.
Vaxtilə zəngin neft ölkəsi olan Venesuela hazırda iqtisadi və sosial böhran yaşayır. Ərzaq, dərman, gündəlik tələbat mallarının qıtlığı yüzminlərlə venesuelalının qonşu ölkələrə üz tutmasına səbəb olub.