ABŞ-da hakim İrana sanksiyaların pozulmasında suçlanan türkiyəli bankirə 32 aylıq həbs cəzası kəsib.
Türkiyədəki Halkbank-ın rəsmisi Mehmet Hakan Atilla-ya hökmü mayın 16-da Menhettendə dairə hakimi Richard Berman çıxarıb.
Prokurorlar ona 20 ilik həbs cəzası istəmişdilər.
Atilla-nın vəkillərindən biri, Victor Rocco 32 aylıq cəzanı “ədalətli” adlandırıb, ancaq bankirin apellyasiya şikayəti verəcəyini də sözlərinə əlavə edib.
Türkiyə Xarici İşlər Nazirliyi hökmü qanunsuz, etibarsız hesab edir, ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen tərəfdarlarının uydurduğu saxta dəlillərə və bəyanatlara söykəndiyini bildirir. Ankara Guleni 2016-cı ildəki uğursuz çevriliş cəhdinin təşkilində suçlayır, o isə ittihamları rədd edir.
Atilla yanvarın 3-də ABŞ-ın sanksiyalarla bağlı qanunlarını pozmaqda təqsirli bilinib. Məhkəmə dörd həftə çəkib.
Prokurorlar 47 yaşlı Atilla-nın Türkiyə-İran qızıl ticarətçizi Reza Zarrab-la birlikdə 2010-2015-ci illərdə İranın sanksiyalardan yayınmasına kömək etməkdə, neft satışını qızıl ticarəti, ərzaq yardımı tranzaksiyaları ilə ört-basdır etməkdə ittiham edib.
İş üzrə 9 təqsirləndirilən var, ancaq çoxu Türkiyədə yaşayır və azadlıqdadır.